“MƏN KİMƏM, YOLLARA FƏDADAN BAŞQA?”

Özbəkistan Yazıçılar Birliyi başqanının müavini,

şair Qeyrət Məcidin şeirləri Əkbər Qoşalının uyğunlaşdırmasında:

Qeyrət MƏCİD –

1976-cı il yanvarın 14-də doğulub. Mirzə Uluqbəy adına Daşkənd Dövlət Universitetinin (indiki Özbəkistan Milli Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. Uzun illər Özbəkistan Milli Televiziya və Radio Şirkətində çalışıb. Hazırda Özbəkistan Yazıçılar Birliyinin başqan müavinidir.

Şairin “Gül sənəm” (1997), “Heç kimə oxşamırsan” (2000), “Darıxıram” (2006), “Sinəmdəki ulduzlar” (2008), “Sevgiyə gedən yol” (2009), “Babalarımın yurdu” (2013), “Qu quşlarına dönən ürək” (2015), “Ayı yuxusu” (uşaqlar üçün şeirlər toplusu, 2016), “Bülbül kitab oxuyur…” (2018), “Sən ağlaya bilməzsən” (2020), “Beş dərs” (2021) kitabları gün üzü görüb.

Qeyrət Məcid 2013-cü ildə Özbəkistan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” medalı ilə təltif edilib.

Şair 2021-ci ilin dekabr ayında Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri üzvü seçilib.

Ehtimal

Bəlkə də, hansısa qayğı yükündən

Əyilib qalıbdır gülün budağı.

Bəlkə də bu həzin musiqi deyil,

Biçarə bülbülün könül ahıdır…

Bəlkə ağaclar da intizar çəkir,

Saralıb solmuşdur yaşıl yarpağı.

Bəlkə Günəş deyil göylərdə yanan,

O sevən qəlblərin alışmağıdır…

Bəlkə də bu dağlar biganə qəlbdən,

Sarsılmış, yığılmış xeyli daş olub…

Bəlkə də su deyil çaylarda axan,

Yarın göz yaşıdır dolub çay olub…

Bəlkə də sən mənə diqqət etmirsən,

Vəslinə kövrəlib can qovrulacaq.

Bəlkə də mərhəmət edərsən o vaxt,

İkimizdən bir can hasil olacaq…

Məqsəd

Bütün şairlərin vəsfini yığsam,

Bəlkə bir zərrənə yetişməzdi, Mah.

Sən hüsnü-məhəbbət mülkündə şahsan,

Nurun göyə sığmaz, daşarsan nagah…

Bir dünya quraram ürəyimdə mən,

Bünövrəsi sevgi, sütunları dərd…

Ah, sənin haqqında, heç kim bilməyən,

Ən gözəl mahnını oxumağım şərt…

Ah çəkdim

Mən kimə gərəyəm, kimə aşiqəm,

Yolumda qüssənin gülləri açar…

Əssalam-əleyküm, vardım qəlbimə,

Dilimdə nə vardır vidadan başqa?

Bunca saralmısan, ey, xəzan fəsli,

Yellər udur məni, ey, tozan fəsli,

Yox, əsil baharsan, bahar – can fəsli,

Mən kiməm, yollara fədadan başqa?

Yandım, gözlərimdən ulduzlar baxır,

Boylansam, üzümdən gündüzlər baxır,

Niyə qəmli-qəmli hür qızlar baxır,

Mənim nəyim vardır, sevdadan başqa?

Göyün tikişləri söküldü birdən,

Ah çəkdim, göy üzü töküldü birdən,

Fəqət mürüvvət qıl, şəfqət qıl, Xudam,

Heç nə edəmmədim xətadan başqa…

***

Ah, sevgi hadisəsi

Aləmdən də qədimdir.

Amma kədərlənməyin,

Mən onu yenilərəm.

Dünya,

qərib şərqilərlə,

Doludur, sinəm dolu…

Mən qəlbləri nəvaya

doldurmağa gəlmişəm.

Əslində, bir zərrə

olmasam belə,

Mən də varam

bu dünyanın xorunda.

Məhəbbət əhli daim

dözümlüdür həyatda…

Sevgi səbr bəxş edər.

Dünyaya zülmət çöksə –

Dar gündə üzülməyin.

Mən bu dünya üzünə

Kədər çiçəklərini

soldurmağa gəlmişəm.

Sayrışan ulduzlar da

Balıqlarçün talisman…

Ah,

Ay, yoxdur mənimtək

Camalına xumarlar…

Bir dərdiniz sağalmaz,

Gəlsə bütün bimarlar;

Amma mən

ürəkləri

ovutmağa gəlmişəm.

Ana torpaq, sənin toz,

daşlarını sevmişəm.

Ağacını, gülünü,

Quşlarını sevmişəm.

Bu, bivəfa dünyanı

Pak olsun istəmişəm –

Mən ürəklərə vəfa

hopdurmağa gəlmişəm.

Ürəkləndirmə

Sanki hər şey qəm daşır,

hər şey kədər bağışlar;

Sənə gülmək yaraşır,

Sənə ağlamaq olmaz.

Kimə qarğış eyləsən,

Ömrü uzar, bilərsən;

Bir söz söyləməm gülsən,

Sənə ağlamaq olmaz.

Paxıl ballı qaşıqla,

Zəhər tökər aşına;

Qadan alım, ağrıma,

Sənə ağlamaq olmaz.

Gözlərində həyat var,

Bu dünyayçün ağlama…

Mən ağlaram, darılma,

Sənə ağlamaq olmaz.

***

Ustadıma

Bu gecə

Qəlbimi büsbütün parçalayaraq,

Qızıl qartallara yem edəcəyəm.

Bütün ömrüm-günüm bir heç olacaq,

Tapdanan fidana bənzəyəcəyəm.

Bu gecə

Bu gecə qəlbimi parçalayaraq,

Sevda şərbətiylə nuş edəcəyəm.

Həyatım yepyeni şəkil alacaq.

İncədən kəsilmiş tumurcuqlartək,

Bir də göyərməyə o can atacaq…

***

Zalım arzulardan əl çəkməliyəm,

Ruhum kainattək böyük olmalı…

Nur əsirgəməyən Günəş misalı –

Qəlbimi qəlblərə həsr etməliyəm…

***

Bir gün bu dünyanın sonu gələcək,

Xatəmə yalvarar səma – mütləqdir…

Zərrə yaxşılığa mükafat varkən,

Zərrə pisliyə də cəza mütləqdir…

***

Yaşları calayır yaşıma həyat,

Hey ağ boya sürtür saçıma həyat.

Anam var, qorxmaram, neynək, büsbütün

Qəmini yollasa başıma həyat…

***

Aşiq yanarmıdı, fəraq olmasa,

Məqsədsiz üsyandan iraq olmasa.

Zülmətdə səmtini necə tapsın o,

Yoluna nur saçan çıraq olmasa…

***

Kimsə gər sevməzsə məhbub edə bilməz,

Əməlini misqalca mərğub* edə bilməz.

Müzəffər eyləsə bir şəxsi Xuda özü,

Heç zaman kimsə onu məğlub edə bilməz.

* mərğub – burada: bəyənilən, istənilən, sevilən