Bahalı müğənnilər nə qədər vergi ödəyirlər? – SORĞU

Müğənnilərin toydan əldə etdikləri qonorarları həmişə müzakirə mövzusu olub.

Onların ayrı-ayrı vaxtlarda öz “toy qiymətləri” haqqında fantastik rəqəmlər söyləmələri bu müzakirələrin əsas səbəbidir.

Ölkədə fiziki şəxslər qazanclarına görə müxtəlif formada dövlət büdcəsinə vergi ödəyirlər. Vergi Məcəlləsinə görə, fiziki şəxslər aylıq 2500 manatadək gəlirə görə 14 faiz, 2500 manatdan çox gəlirə görə isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi qədərində vergi ödəyirlər.

Bəs müğənnilər necə, digər vergi ödəyiciləri kimi vergi ödəyirlərmi? Hansı məbləğdə vergi ödəyirlər? DİA.AZ xəbər verir ki, cebhe.info bununla bağlı şou-biznes nümayəndələri arasında sorğu keçirib.

*Xalq artisti Faiq Ağayevin köməkçisi Cebhe.info-ya bildirib ki, sənətçi həmişə vergi ödəyir:

“Bu, bizim işimizlə bağlıdır. Nə qədər işləyirik, nə qədər gəlirimiz olur, ona uyğun da vergi ödəyirik”.

*Həmişə yüksək məbləğdə toylara getdiyi iddia edilən müğənni Manaf Ağayev deyib ki, 20 ildir vergi ödəyicisidir:

“Ödədiyimiz verginin məbləği gəlirimizə, toy sayına baxır. Toy yoxdursa, necə ödəyək?! Mənim bu işlə məşğul olan köməkçim var, iki aydan bir, hər rüb hesablanır, ödəyirlər”.

*Meyxanaçı Samirə isə sabit məbləğdə vergi ödədiyini deyib:

“Sadələşdirilmiş sabit vergi, yəni 40 manat ödəyirəm”.

*Toya gedən müğənnilər arasında adı olan Nadir Qafarzadə isə bir neçə aydır vergi ödəmədiyini qeyd edib:

“Nə qədər qazanc olursa, onun 2 faizini ödəyirik. İndi, ümumiyyətlə, qazanc yoxdur. Demək olar ki, 3 aydır ödəməmişəm. Çünki qazanc yoxdur, qazanc olmayan yerdə ödəniş də yoxdur. Amma 2003-cü ildən vergi ödəyirəm, əvvəl 4 faizi idi”.

*Son illər ölkə toylarında sıx-sıx görünən müğənni Afət Fərmanqızı da vergi ödədiyini deyib:
“Düşünürəm ki, bu gün Azərbaycanda müğənni kimi fəaliyyət göstərirsənsə, vergi də verməlisən. Pandemiya vaxtı dondurmuşdum, boş-boşuna niyə orada açıq qalsın ki, dedim dondursunlar. Pandemiyadan sonra işə düşdü, bilmirəm hansı tarifdi, yəni qanun hansını deyirsə, biz də onunla gedirik. Palaza bürün, el ilə sürün”.