Ötən il ölkənin təhsil sahəsi mövcud problemlərlə yadda qalsa da, məktəbəqədər təhsildə müsbət bir addım müşahidə edildi.
Ölkə başçısının sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verildi. Artıq uzun illərdir ki, icra hakimiyyətlərinin tabeliyində olan uşaq bağçalarının fəaliyyətinə nəzər salsaq görərik ki, ötən dövr ərzində bu barədə cəmiyyətdə heç də müsbət rəy formalaşmayıb. Yəni bu gün məktəbəqədər təhsildə də çoxsaylı problemlər mövcuddur.
Bu günlərdə Təhsil İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova da açıqlamasında bağçalardakı mövcud problemlərə toxunaraq uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi ilə qəbulun onlayn qaydada keçiriləcəyini, tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacağını, bağçalarda yer çatışmazlığının olduğunu bildirib.
Təhsil şöbəsinin müdiri qeyd edib ki, məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlanır. Bu məsələlər artıq uzun müddət idi ki, bütün ictimaiyyətin bildiyi problemlər idi.
Yeni proqram mövcud problemlərin həllinə nail ola biləcəkmi? Onsuzda sayı az olan uşaq bağçalarına pul hesabına qəbul olunan uşaqlar onlayn qəbul zamanı hansı bağçalara gedəcəklər?
DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2021-ci ilin təhsil sahəsi 3 böyük hadisə ilə yadda qaldı: “Onlardan birincisi, Təhsil Tələbə Kredit Fondunun yaradılması, ikincisi, Türkiyə ilə Azərbaycanın birgə universitetinin açılması və bağçaların yenidən Təhsil Nazirliyinə verilməsi oldu.
Etiraf edək ki, 10 il ərzində burada heç də sağlam olmayan bir mühit formalaşmışdı. İstər uşaqların bağçlara qəbulu zamanı, istər burada işə qəbul prosesi şəffaf, əlçatan deyildi. Bu ciddi problemlərin fonunda birmənalı şəkildə yenidən bu məsələyə qayıtmaq lazım idi.
Təhsil Nazirliyi və yaxud Təhsil İnstitutu buna müdaxilə edə bilməzdi. Çünki mövcud qanunvericiliyə görə, bağçalar icra hakimiyyətlərinə tabe idi. Təbii ki, qarşıda çox ciddi bir məsələ var. Burada problemi bir neçə hissəyə bölürük. Birincisi, işə qəbul prosesidir ki, bu mərkəzləşmiş qaydada olmalıdır. Uşaqların qəbulu elektron qəbulu olmalıdır ki, indiyədək kimsə gedib bağça direktoruna pul verirdisə onun uşağını götürürdülər. Üçüncü məsələ isə maddi-texniki və tədris resurslarıdır. Biz uşaq bağçalarını təhsilin bir pilləsi olaraq qəbul etməliyik, orada uşaqlara ilkin bilik və bacarıqlar formalaşdırmalıyıq ki, ibtidai sinifin yükü azalsın. Məsələn, bir neçə hərifi, yaxud hesablamağı, bu kimi bilikləri məhz bağçalarda öyrətsək birinci sinifə qəbul zamanı əziyyət çəkməyəcəklər.
Təhsil Nazirliyinin üzərinə böyük yük düşür. Təhsil İnstitutu da bu istiqamətdə iş aparır. Bizim bağçalardan gözləntimiz odur ki, tədris resursları yaradılsın, uşaqlar ilkin biliklərə yiyələnsin. Təbii ki, 10 ilin problemini bir gündə həll etmək qeyri-mümükündür. Ancaq bütün hallarda bu mümkündür və bunu həll etməliyik”.
Ancaq ekspert burada problemin də ortaya çıxacağını deyir:
“Biz bilirik ki, uşaq bağçalarına tutumundan artıq uşaq qəbul həyata keçirilir. Ölkədə 1693 uşaq bağçası var və burada 123 min uşaq oxuyur.
Ancaq bağçaların tutumu bundan aşağıdır və elektron qəbul olduqda daha az uşaq qəbul olunacaq. Bununla digərlərinin də təhsil alma hüququnu məhdudlaşdıra bilərik. Hesab edirəm ki, ya yeni korpuslar, ya da modul tipli uşaq bağçaları tikməklə bütün uşaqlar üçün bağçalara əlçatanlığı təmin etməliyik.
Bu gün Bakıdakı mövcud tıxaclardan birinin səbəbi insanların təhsillə bağlı bir məntəqədən digərinə getmələridir. Əgər həmin müəssisələr yaxınlıqda olsa, valideynlər daha rahatlıqla gedib, gələrlər. Biz təklif etmişik ki, hündürmərtəbəli buinaların müəyyən qədər bir hissəsi dövlət büdcəsinə keçəndən sonra bu məqsədlə TN-ə ayrılmalıdır. Bağça, ibtidai məktəblər binaların birinci mərtəbəsində olarsa bu daha əlçatan, təhlükəsiz və digər problemlərin aradan qaldırılmasına gətirib çıxara bilər”.