Dünən axşam saatlarında digər media qurumlarıyla yanaşı xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, dekabrın 29-da yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olmuş erməni əsilli mülki şəxs – Verdyan Armen Abrikoviç humanizm prinsiplərinə sadiq qalınaraq Ermənistana təhvil verilib.
Dünyaxeber.org məlumatına görə, moderator.az-ın araşdırmasından bəlli olur ki, söhbət Xocalı rayonunun Ballıca kəndində məskunlaşmış erməni Verdyan Armen Abrikoviçdən gedir.
Erməni mənbələri, eləcə də Rusiya nəşri olan “Sputnik Armeniya” və “Regnum” xəbər portallarının yaydığı məlumatdan da belə çıxır ki, ermənilərin “Dağlıq Qarabağın Əsgəran rayonunun Ayqestan kəndi” adlandırdığı Xocalı rayonunun Ballıca kəndinin bəhs edilən sakini Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçdikdən bir müddət sonra hərbçilərimiz tərəfindən Rusiya sülhməramlılarına təhvil verilib. Daha sonra Rusiya hərbçiləri həmin şəxs erməni tərəfinə(Rusiya və erməni nəşrləri konkret olaraq “Stepanakert”ə təhvil verildiyini yazır) verib…
Ziddiyyət ondadır ki, dövlət komissiyasının yaydığı məlumatı oxuduqda ilk baxışdan belə məntiqi nəticə çıxır ki, A.Verdyan Ermənistan ərazisindən azaraq Azərbaycan ərazisinə keçib. Və ona görə də o, hərbçilərimiz və ya digər qurum əməkdaşları tərəfindən Ermənistana təhvil verilib. Halbuki, bu halda məlumatda erməni sakinin “Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə” deyil, Azərbaycan Respublikası ərazisinə keçdiyi qeyd olunmalıydı…
Digər tərəfdən isə, Rusiya Ermənistan KİV olayın keçmiş Dağlıq Qarabağ, konkret olaraq Azərbaycan Respublikası Xocalı rayonu ərazisində baş verdiyini yazır. Və həmin xəbərlərdə Azərbaycan tərəfinin sözügedən erməni sakini elə Qarabağ ərazisində Rusiya sülhməramlılarına təhvil verdiyi bildirilir.
Belə hesab edirik ki, əgər hadisə doğrudan da Azərbaycanın Qarabağ torpaqlarında baş veribsə, sözügedən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasi yaydığı rəsmi məlumatda A.Verdyanın “Ermənistan”a yox, “erməni tərəfi”nə təhvil verildiyini qeyd etməli idi. Və təbii ki, Xocalı rayonunun Xankəndi şəhəri yaxınlığındakı Ballıca kəndində yaşayan erməni sakinin azaraq Ermənistan ərazisinə keçib oradan da yenidən dağ, meşə əraziləriylə Azərbaycan ərazisinə keçməsi ehtimalı çox cüzidir…
Xülasə, anlamaq olmur ki, Rusiya və Ermənistan nəşrləri yalan məlumat yayıb, yoxsa sözügedən dövlət qurumumuz yanlışlığa yol verib…
Materialı hazırlayarkən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi internet saytında təqim edilən qaynar xəttinə(8161) və 3 əlaqə nömrəsinə((+994 12) 405 71 22, 405 85 79, 405 99 79) dəfələrlə zəng etsək də, cavab verilmədi…
Ümid edirik ki, bəhs edilən dövlət komissiyası və digər müvafiq qurumlar Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün bu ciddi məsələyə tezliklə aydınlıq gətirəcək.