Azərbaycanda, əsasən də bölgələrdə uzun müddətdir ki, internetlə bağlı problemlər yaşanır. Fiber-optik internetin ümumiyyətlə olmadığı, ADSL yəni telefon xətləri ilə verilən internetin isə bərbad gündə olduğu bölgələrdə mobil internetin vəziyyəti də digərlərindən fərqlənmir. Hazırkı dövrdə insanların işlərini, dərslərini və s. internetlə idarə etdiklərini nəzərə alsaq, vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə varmaq mümkündür.
DİA.AZ-ın məlumatına görə, mövcud problemlə bağlı “Şərq”ə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Ramazan Seyidov bildirib ki, əsasən bölgələrin kəndlərində bu tip problemlər yaşanır:
“Orada mobil internetdən istifadə edən istifadəçilərin sayı az olduğu üçün həmin mobil operator şəbəkələrə maliyyə cəhətindən sərf eləmir ki, onlar gətirib ora 3G, 4G antena quraşdırsınlar. Digər səbəb isə vətəndaşların mobil operatorlara yazılı və ya çağrı mərkəzinə zəng edərək məlumat verməməsidir. Çünki mən çalışdığım müəssisədə bəzi yerlərdə bu problem var idi. Müraciət əsasında “Azercell”, “Bakcell” hər ikisi də gətirib stansiya antenalarını yeniləyirlər. Daha texnoloji yeni avadanlıqlarla təmin edirlər.
Bakıda bizim ofislərimizin birində mobil internet çox zəif çəkirdi. Biz zəng elədik “Bakcell”ə ki, bizdə bu tip problem var. On gün sonra mühəndisləri gəldi, 20 gün sonra da gətirib yeni antena quraşdırdılar və problem həll olundu. Sadəcə, vətəndaşlar yazılı və ya çağrı mərkəzinə zəng edərək müraciət eləsinlər. Güman edirəm ki, mobil operatorlar buna biganə yanaşmayacaqlar. Çünki mobil operatorlara bu, yeni müştəri deməkdir”.
Mən əsasən “Bakcell” və “Azercell”i örnək olaraq deyirəm. Çünki əsasən onların internet və data şəbəkəsindən biz istifadə edirik. Onlar da bizim sorğularımıza tam adekvat cavab verirlər. Yenə də vətəndaşlara tövsiyə olunur ki, yazılı şəkildə, məktubla müraciət eləsinlər kənd bələdiyyəsinə və ya aidiyyəti qurumlara və bununla da operatorlar gətirib orada baza stansiyalarını yeniləsinlər”.