Bakıda gənc qızı vuraraq hadisə yerindən yayınan sürücü ikinci dəfə qəza törədib


Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Metronun “Azadlıq” stansiyasının yaxınlığında Xəyal adlı sürücünün (soyadı dəqiqləşdirilir-red) idarə etdiyi “Ravon” markalı avtomobil piyada keçidində yolu keçən 22 yaşlı Məmmədova Sevinc Kamran qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən yayınarkən onun idarə etdiyi nəqliyyat vasitəsi digər avtomobillə toqquşub.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link