Vüsal Quliyev: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdiddir

Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

QHT.az xəbər verir ki, səfər zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələrini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başladığını, 44 gün davam edən müharibə nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbə qazandığını bildirib.
Deyib ki, müharibə dövründə Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətləri ilə barışmayaraq cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib.Qeyd olunub ki, Tərtər şəhəri də həmin günlərdə dayanmadan düşmən atəşə tutulub. Tərtərə olan hücumlar nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb.
O, həmçinin 30 ilə yaxın müddətdə Suqovuşan və Talışın, habelə digər işğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalandığını vurğulayıb. “Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına böyük maneə törədib, bərpa və quruculuq planlarımızı əhəmiyyətli dərəcədə ləngidib”, – deyə V.Quliyev bildirib.