Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar.
İşğal dövründə belə Azərbaycan Ordusunun bir gün mütləq tarixi ədaləti bərpa edəcəyi həqiqətini yaxşı anlayan Ermənistan əraziləri minalamaqla təxribata əl atıb, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozub.
Ermənistan ordusu həm də minalar hesabına öz aciz durumunu kompensasiya etməyə çalışıb. Lakin ordumuzun qüdrəti qarşısında bu da kifayət etməyib.
İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalmağa davam edir. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İşğaldan azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13 177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16 860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
ANAMA-dan verilən məlumata görə isə noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabrın 10-dan 2021-ci ilin noyabrın 22-dək olan dövrdə isə işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.
Sözügedən rəqəmlər işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı aydın təsəvvür yaradır. Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan minalar bu gün Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında qoyur. Bu gün həmin ərazilərdən işğalçılar qovulsalar da, həlak olan və ya yaralanan 180-ə yaxın mülki şəxsin də başına gələnlərdə məhz Ermənistan dövləti məsuliyyət daşıyır.
Bu cür cinayətlərin qarşısının alınması üçün isə dövlətimiz tərəfindən zəruri olan bütün addımlar atılır. Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir.
Lakin Ermənistan mina terroruna siyasi müstəvidə də davam edir. Son olaraq dekabrın 4-də Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Buna qədər verilən xəritələrin dəqiqliyinin 25 faizə qədər olması faktını Azərbaycan tərəfindən müxtəlif platformalarda dəfələrlə bəyan edilib. Bu isə göstərib ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsində maraqlı deyil, əksinə sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır.
Belə olan halda Ermənistana qarşı cəza mexanizmlərini işə salınmalıdır. Beynəlxalq hüquqa zidd addımlarından əl çəkməyən Ermənistana təzyiq göstərilməli, beynəlxalq ictimaiyyətin və təşkilatların sərt tənqidlərinə tuş gəlməlidir.
Regiona dinc həyatın qayıtmasını, ərazilərdə aparılan quruculuq işlərini gecikdirən mina təhlükəsi İrəvanın məkrli siyasətinin əksidir. Azərbaycan dövləti tərəfindən öz çirkin təxribatları ilə minlərlə insanın həyatını təhlükə altında qoyan Ermənistanın əsl mahiyyətini ifşa olunmağa davam edir.
Ermənistanın mənfur siyasətindən əl çəkməməsi, əksinə minaları Azərbaycana qarşı təzyiq vasitəsi kimi görməsi mina xəritələrindəki “dəqiqliyin” əsasını təşkil edir. Bundan əlavə 44 günlük müharibə dövründə pərən-pərən düşən erməni qoşunlarının qaçarkən əraziləri heç bir xəritəyə uyğun olmayan şəkildə minalaması da istisna deyil.
Bu gün Azərbaycan dövlətinin Ermənistanın “mina terroru” ilə mübarizəsinə dəstək vermək hər bir vətəndaşımızın borcudur. Bu işdə vətəndaşların öhdəliyi rəsmi qurumların tövsiyə və göstərişlərinə əməl etmək və həyatlarını erməni təxribatına qurban verməmək üçün qaydalara riayət etməlidir.
30 illik işğala son qoyan Azərbaycan dövləti bu problemin də həllinə nail olmaq iqtidarındadır. Ermənistanın təxribatları isə hər zaman olduğu kimi uğursuzluğa düçar olmağa məhkumdur.
Orxan Tağıyev