Helikopter qəzasında yaralanan zabitlər hadisə barədə DANIŞDILAR – FOTO


“Noyabrın 30-da praktik atışlı təlim-məşq uçuşları olmalıydı. Səngəçal aerodromundan “Qaraheybət” aviasiya poliqonuna getməliydik”.

Bunu açıqlamasında dünənki helikopter qəzasında yaralanan Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib:

“Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinəsində oturmuşdum. Hadisənin tam təfərrüatı yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam”.

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı:

“Helikopter desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin giriş yanında əyləşmişdim deyə heç bir ehtimalım yoxdur.

Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var”.

Qəza zamanı yaralanan DSX-nin digər zabiti, kapitanı Ramin Ədilov söyləyib ki, eniş edən zaman helikopter idarəetməni itirib:

“Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır”.

Səbuhi Musayev
FOTO: Tapdıq Abdullayev

Source link