Məktəb uşaqların təhsil almaq hüquqlarını təmin edən təhsil ocağı hesab edilir. Amma Şəkinin Cunud kənd tam orta məktəbinin 127 şagirdi bu hüquqdan məhrum olunub.
Məktəb binası 1953-cü ildə tikilib və heç vaxt əsaslı təmir olunmayıb. Məktəbin bir korpusu isə 1918-20-ci illərdə inşa edilib. 103 yaşlı bu bina həddindən artıq qəzalı olduğundan ətrafı dəmirlə çəpərlənib. Hazırda şagirdlər həmin qəzalı korpusdan heç də geri qalmayan digər binalarda təhsil alırlar.
Məsələ ilə bağlı Şəki Şəhər Təhsil Şöbəsindən bildirilib ki, 2022-ci ildə 180 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Dözülməz şəraitə rəğmən, bu təhsil ocağının həm qayğısız illərini çətinliklərlə keçirən şagirdləri, həm də fədakar müəllimləri elmə yiyələnmək əzmindədirlər. Odur ki, ötən il məktəbi bitirən 7 şagirddən 5-i ali məktəblərə qəbul olunub.