14 noyabr 2021-ci il tarixdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Nizami Gəncəvi ilinə həsr olunmuş hesabat tədbiri keçirilib.
Rezonans.az -ın məlumatına görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin giriş hissəsində təşkilatın təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski ictimai birliyin əsas fəaliyyət istiqamətlərindən, məqsədlərindən bəhs edib. E.Talışınski rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə cəmiyyətə hesabat verilməsini özünə borc hesab etdiyini vurğulayıb.
O, xüsusilə təşkilatda gənclərin çox olması, onların təşkilatın işlərinə maraq göstərməsinin sevindirici hal olduğunu və hər bir xalqın milli dəyərlərə sadiq olması, milliliyini qoruyub saxlamasının əhəmiyyətli şərt olduğunu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinə dəstək verilməsini zəruri hesab etdiyini qeyd edib.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə söz verilib. T.Əli-zadə başda E.Talışınski olmaqla təşkilatın hər bir üzvünü təbrik edib və onların fəaliyyətinin uğurlu olduğunu vurğulayıb. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını söyləyib.
Daha sonra söz Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılova verildi. O, təşkilatın rəhbərliyini və gənc fəal üzvlərini təbrik edib. M.İsmayılov bildirib ki, təşkilatla fond bu illər ərzində sıx əməkdaşlıq edib. O, təşkilatın olduqca maraqlı və cəmiyyətə faydalı tədbirlər həyata keçirdiyini, həqiqətən də ictimai birliyin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Təşkilatın idarə heyətinin üzvü, şərqşünas-tədqiqatçı Əli Rzazadə tədbir iştirakçılarına Nizami Gəncəvi yaradıcılığında mənəvi dəyərlərin təbliğ edilməsindən bəhs edərək, təşkilatın sədri E.Talışınskinin rəhbərliyi ilə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş bir sıra layihələrin keçirildiyini qeyd edib.
Sonra söz “Elin Səsi” ictimai birliyinin gənc üzvlərinə verilib. Xəyalə Əyriçalmalının ifasında Nizami Gəncəvidən qəzəl səsləndirildikdən sonra tədbirin aparıcısı Tamerlan Qasımlı və təşkilatın sədr müavini Qorxmaz Paşayev ötən il ərzində həyata keçirilən layihələr haqqında məlumat verdi və söz milli musiqiyə verildi. İctimai birliyin üzvləri xanəndə Sərxan Mirzəyev və tarzən Azad Nəsibli öz ifalarını tədbir iştirakçına təqdim edib.
Tədbirdə bir çox QHT rəhbərləri, AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşları, şəhid ailələri, magistr və tələbələr iştirak edib.