NAYORA-nın təşkilatçılığı ilə daha bir beynəlxalq layihə həyata keçirildi


Avropa Şurasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 18-24 oktyabr tarixlərində Avropa Şurasının Təlimçilər Bazasının və “SALTO” gənclər portalının sertifikatlaşdırılmış təlimçiləri tərəfindən “Gənclər Təşkilatları Milli Şuralarında və Üzv Təşkilatlarda Rəqəmsal İnklüzivliyin İnteqrasiyası” layihəsi həyata keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd sosial, mədəni və coğrafi maneələrlə üzləşən gənclərin davamlı iştirakını dəstəkləmək üçün rəqəmsallaşma və inklüzivlik anlayışlarını səkkiz Şərqi və Cənubi Avropa ölkəsini təmsil edən Milli Gənclər Şurası və onların üzv təşkilatlarının fəaliyyətlərinə inteqrasiya etməkdir.

Layihə çərçivəsində “İştirakçıların rəqəmsal bacarıqlarının artırılması üçün vasitə və metodların mənimsənilməsi”, “Gənclər Milli Şuraları rəqəmsal vasitələrdən istifadə etməklə necə daha inklüziv ola bilərlər?”, “Rəqəmsal inklüzivlik sahəsində olan çətinliklər və imkanlar” mövzuları üzrə təlimlər və müzakirələr keçirilib.

Layihə çərçivəsində həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinə infotur təşkil edilib, iştirakçılar dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan istifadə qaydaları ilə yaxından tanış olublar. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi tərəfindən Gənclərin Dayanıqlı Məşğulluğu proqramı və “GəncApp” haqqında infosessiya həyata keçirilib.

Qeyd edək ki, layihədən yararlanan iştirakçılar öz ölkələrində müvafiq mövzuda layihələr həyata keçirəcək və gənclər təşkilatlarının fəaliyyətində rəqəmsal inklüzivlik üzrə bələdçi hazırlayacaqlar.

Source link