Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib.
QHT.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə iclasda İctimai Şuraya seçilmiş 13 üzv iştirak edib və İctimai Şuranın rəhbər orqanlarının seçilmə məsələsinə baxılıb.
İctimai Şuranın sədrliyinə Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi) , Nazim Bayandurov (“İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi) və Elməddin Muradov (“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi) öz namizədliyini irəli sürüb.
Daha sonra Elçin Axundzadə öz namizədliyini Nazim Bayandurovun xeyrinə geri götürüb. Seçki nəticəsində Nazim Bayandurov (7 səs) səs çoxluğu ilə İctimai Şuranın sədri seçilib.
Eyni zamanda İctimai Şuranın sədr müavinləri seçilib. Elçin Axundzadə (“Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi), Ramil Əliyev (“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi) və Vüsal Əliyev (“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi) sədr müavinləri seçilib. Eyni zamanda Zülfüqarlı Aytac (“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi) İctimai Şuranın katibi seçilib.
Sədr müavini seçkilərində yaranan narazılıqla bağlı ictimai şuranın 5 üzvünün iclası yarımçıq tərk etdiyi bildirilir.