Ali təhsilin bakalavriat və magistratura (rezidentura), orta ixtisas və yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili bir tərəfdən tələbələrin hərəkətliliyini (mobilliyinin), digər tərəfdən isə ali təhsilin əlçatanlığını genişləndirəcək. Çünki subbakalavriat (yüksək texniki peşə təhsili və orta ixtisas təhsili) təhsilini müvəffəqiyyətlə başa vuran məzunlar müvafiq təhsil proqramları üzrə ali təhsilin bakalavriat səviyyəsinə birbaşa qəbul olunmaq hüququ əldə edirlər.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bu dəyişiklik ilk növbədə tələbələrin topladığı akademik kreditlərin daşınmasına imkan verəcək: “İkincisi, subbakalavr təhsil proqramlarının ali təhsilin bakalavriat səviyyəsinin proqramlarına uyğunlaşdırılmasına imkan verəcək. Eyni zamanda, kredit sisteminə keçid akademik hərəkətliliyi təmin edir. Tələbələr fərqli təhsil müəssisələrində ayrı-ayrı kreditlərini toplaya bilərlər, yəni təkcə təhsil aldığı müəssisədə deyil, istər ölkə daxilində, istər də xarici ölkədə ali təhsil müəssisələrində müvafiq həcmdə akademik kreditlər toplaya bilərlər.
Tutaq ki, bizim Türkiyə ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək texniki peşə təhsili və ya orta ixtisas təhsili proqramı üzrə təhsil alan tələbə təhsilinin bir hissəsini Türkiyədə davam etdirirsə, onun burada topladığı akademik kredit orada, Türkiyədə topladığı isə Azərbaycanda tanına bilər. Kredit sistemi kvalifikasiyaların tanınması və akademik kreditlərin daşınmasını təmin edən çevik və şəffaf prosedurdur və bu baxımdan da kredit sisteminin tətbiq edilməsi olduqca vacibdir.
Yəni tələbənin topladığı kredit həm ölkə daxilində digər təhsil müəssisələrində, həm də ölkə xaricində tanınacaq”.
Qeyd edək ki, parlamentin oktyabrın 15-də keçirilən iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil ediləcəkdir.
Bununla yanaşı, peşə təhsili mərkəzlərində yüksək texniki peşə təhsili və orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil ediləcəkdir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.