Gəncədə erməni terrorunun qurbanları yad edilib – YENİLƏNİB + FOTO


Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

“Report”un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş təşkil edilib.

Oktyabrın 16-dan 17-ə keçən gecə keçirilən yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərmək olub.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayaraq, terror hadisəsinin törədildiyi əraziyə qədər davam edib. Yürüş zamanı gənclər tərəfindən terror qurbanlarının xatirəsinə şamlar yandırılaraq, yad edilib.

Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən media nümayəndələrinin və gənclərin önündə Azərbaycan gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Daşkəsən, Goranboy, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Qəbələ, Kürdəmir, Xızı şəhərləri və ətraf yaşayış məntəqələrində yaşayan mülki əhalini qəsdən hədəf alan hücumlarını şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirləri görməyə çağırır.

Gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun terror qurbanı olmuş mülki vətəndaşlarımızın qanını yerdə qoymadığını, şəhidlərimizin şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildiriblər.

Yürüşdə iştirak edən gənclər terror qurbanları və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad ediblər.

00:53

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

“Report”un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş keçirilir.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Source link