Azərbaycanlı gənclər Kiyevdə aksiya keçirdi – FOTO


Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR), həmçinin Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə aksiya keçirilib.

Azadlıq meydanında Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə keçirilən aksiya zamanı sakinlərə və şəhərin qonaqlarına Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər və erməni vandalizmi haqqında məlumatları əks etdirən bukletlər paylanıb. İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusən yeniyetmə və uşaqlara qoyduğu unudulmaz və ağır təsirlər, həmçinin erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə danışıblar.

Kiyevlilər aksiyanı maraqla qarsalayıblar və azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alıblar, şəkillər çəkdiriblər. Bununla Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirən sakinlər ölkəmizə dəstək olduqlarını bildiriblər.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdürünün müavini Tural Səfərova, Azərbaycan Gənclər Fondunun İcraçı direktorun müavini Orxan Ərəbova, beynəlxalq əlaqələr şöbəsi donorlarla iş üzrə mütəxəssisi İbrahim Mehdiyevə və ASAP-ın nümayəndəsi Rafael Hacibəyliyə Avropanın müxtəlif şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyevdən başladıqları üçün təşəkkür edib.

Baş katib həmçinin əlavə edib ki, Azərbaycan həqiqətlərinin təbliği işi bundan sonra da davam edəcək.

UAR aparat rəhbəri Elşad İbrahimov öz növbəsində Möminə Səttarovanın rəhbərliyində Radanın Gənclər departamentinin rolunun vacibliyini vurğulayıb.

Aksiyada gənclər Azərbaycan xalqına bu böyük zəfər sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, şanlı qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.

Source link