“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş baş tutdu – FOTO


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

 Bakı Mühəndislik Universitetində təşkil olunmuş görüşdə Azərbaycan dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin hörmət və ehtiram hissi ilə yad edilib.

Tədbir universitetin rektoru Havar Məmmədov, ATGTİ sədri Pərviz Mirələmli, ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları sektorunun rəhbəri Orduxan Qəhrəmanzadənin açılış nitqləri ilə davam edib.

Tələbələr və gənclər arasında qəhrəman qazi və hərbçilərimizin tanıdılması məqsədilə həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının böyük qələbə sevincini özündə əks etdirən videoçarx nümayiş etdirilmiş, torpaqlarımızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi anılmış, tarixi qalibiyyətimizin əldə olunmasında onların göstərdikləri şücaət yad edilib.

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri: Məmmədov Vüqar, İskəndərov Mövsüm, Rəhimov Ruslan, Nəsirov Vüsal çıxış edərək öz təəssürat və xatirələrini tələbələrlə bölüşmüş, Azərbaycanın ərazi bütövlüyü və rifahı naminə milli birliyimizin indiki kimi daim möhkəm olacağına əminliklərini ifadə ediblər. Səmimi ovqatda keçən görüşdə Vətən müharibəsinin qaziləri ilə panel görüş və sual-cavab sessiyası baş tutub. Sual-cavab əsnasında igidlərimiz cəbhədəki uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyinin olduğunu qeyd etməklə tələbələrin suallarına ətraflı cavablar veriblər.

Universitetin tələbələri – BMU Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova və BMU Pedaqoji fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Şəfiqəxanım Nəcəfova çıxış edərək, universitetin tələbələri adından qəhrəman qazilərimizə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi olaraq davam edəcək.

Source link