Təhsil naziri: “300-dən çox yerə CV göndərdim, cəmi ikisi müsahibəyə çağırdı”

 

“Məzun olandan sonra 300-dən çox yerə CV göndərsəm də, cəmi ikisi müsahibəyə çağırdı. Düşünmürəm ki, onlar məni alçaltdı və çağırmadı. Ola bilər ki, həmin vaxt üçün 298 yerdə mənə uyğun pozisiya olmayıb”.

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, dünyanın nüfuzlu ali təhsil müəssisəsində oxuyan şəxs iş tapmaqda çətinlik çəkməməlidir:

“Yeni proqram ehtiyac əsasında göndərilirsə, yəqin ki, işlə təminatda da problem yaşanmayacaq. İşəgötürənin də öz maraqları olur. Nazirlikdə də kimisə işlə təmin etmək məsələsi yox, işləmək üçün müraciət edən şəxsin də öz istəkləri maraqlıdır”.

E.Əmrullayev xaricdə təhsil alıb geri qayıtdıqdan sonra Təhsil Nazirliyində baş məsləhətçi kimi işə başlayanda bunun elə də böyük vəzifə sayılmadığına diqqət çəkib:

“Ölkəyə qayıdanda iki xarici təhsil müəssisəsinin diplomu var idi və mən işləməli idim. Azərbaycanda kifayət qədər iş yeri və işçiyə tələbat var”.

Source link