Ermənistanın Ermənistandakı, bağışlayın, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi artıq neçənci dəfədir, “Dağlıq Qarabağ münaqişəsi”nin hələ həll olunmadığını və bu yöndə səylər göstərilməsinin vacibliyini bildirib. Anadolulu qardaşlarımız demiş, bu nə pəhriz, bu nə lahana turşusu…
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” deyilən illət 2020-ci il noyabrın 10-da işğalçı Ermənistanın ağ bayraq qaldırması ilə sonuclanıb. O sonuc kimlərisə qane etmirsə, onda yalnız “status”dan deyil, bir zəhmət işğala, insana, təbiətə, abidələrə, ümumən erməni vandallığına məruz qalmış hamıya və hər şeyə görə, bəsbəlli müharibə cinayətlərinə görə Ermənistanın cavabı tələb edilsin, sonrasına baxarıq. Vicdan, insanlıq, beynəlxalq hüquq öz statusunda, dərəcəsində olmalıdır ki, bunun ardınca başqa hər hansı statusdan da danışmağa söz, baxmağa üz olsun… Elə deyilmi?
10 noyabrda 44 günlük müharibənin sonucu olaraq Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalanıb. Azərbaycan Zəfər qazanıb. Azərbaycan dövlətinin BMT tərəfindən qəbul edilmiş sınırları içində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Əgər belə bir ərazi vahidinə gərək duyan varsa, bunun ən yaxşı yolu, o istəkdə olan dövlətlər öz geniş ərazilərində bu və ya başqa adda bir muxtar qurum yaratsın, etiraz etmirik. Əslində, Dağlıq və Qarabağ sözləri ingilis, fransız, rus dillərində anlaşılmadığı və ancaq Azərbaycan dilini bilənlərçün anlaşıqlı olduğu üçün daha yaxşı olar ki, elə öz dillərində bir ad qondarsınlar yaxud mövcud bir ərazi vahidinə status versinlər, olsun-bitsin… Bitmir, cəhənnəmə bitsin.
Bizim gündəliyimizi, ərazi subyektimizi, daxili məsələlərimizi biz özümüz müzakirə edirik, özümüz qərar qəbul edirik, gorbagor olmuş hansısa status-mtatus heç “feysbuk statusu”nca gəlməz bizə…
Bəs indiki dövrdə gündəlikdə nə var yaxud nə olmalıdır? – Sınırların dəqiqləşdirilməsi, daha doğrusu, delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, ədalətli barış anlaşmasının hazırlanması və imzalanması, bölgədə işbirliyi ortamının yaradılması və s. – Bu sırada status sözünə yaxın, əqraba hansısa sözmü var? – Yoxdur, heç ehtiyac da yoxdur. Zira gorbagorlar dirilmir…
O zaman, Ermənistanın Ermənistandakı, bağışlayın, ABŞ-ın Ermənistandakı səfirinin ardıcıl, əsassız açıqlamalar verməsi nəyin ifadəsidir? – Bəlkə onun ifadəsidir ki, rəsmi Vaşinqton Güney Qafqaz bölgəsində barış ortamının qurulmasında maraqlı deyil, ağır silahların yenidən işə düşməsi, yenidən qan-qada, yenidən dağıntılar peşindədir?.. – Yoxsa, ABŞ Ermənistanda “əvəzçıxma” meyllərinin daha da güclənməsinə və uğursuz dövlətin qalib gəlməsinəmi ümid edir?
Bu həmin o ABŞ deyilmi, 30 il içində nə BMT TŞ daimi üzvü, nə ATƏT-in Minsk Qrupunun həmsədri, nə də güclü dövlət kimi bir ədalətli yanaşmasını, siyasi-hərbi iradəsini, bir əməli addımını görmədirk. Guya kim bilmir ki, rəsmi Vaşinqtonun bütün cəhdləri məsələnin dondurulmasına, uzadılmasına və ya işğalçının lehinə sonuclanmasına yönəlmişdi..?
Kim bilmir ki, ABŞ-ın mövzuya vaqif yetkililəri Ermənistanın 30 il davam edən ağır işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına lal olub, kor olub, işğalçı Ermənistanın gözündə tiri görməzkən bizim gözümüzdə tük axtarıb..?
Ermənistanın Ermənistandakı, bağışlayın, ABŞ-ın Ermənistandakı səfirinin bu gün belə açıqlamalar verməsi onu göstərir ki, rəsmi Vaşinqton erməni lobbisinin maraqlarını Güney Qafqaz bölgəsinə daşımağa çalışır. Bacarmayacaq. ABŞ-ın bacarığı və “bacarığ”ı bizə, məsələn, İraqdan, Liviyadan, Suriyadan, Əfqanıstandan bəllidir…
30 illik erməniyanlı və ya passiv müşahidəçi olan ABŞ-ın bu gün belə mövqe, daha doğrusu, mövqesizlik nümayiş etdirməyə, tələblər irəli sürməyə heç bir haqqı yoxdur, hələ-hələ mənəvi haqqı heç yoxdur. ABŞ getsin ən yaxın müttəfiqi və xarici siyasətdə, konkret Ermənistana münasibətdə oxşarı olan Fransa ilə aralarındakı yeni sorunları çözsün, çözmür cəhənnəmə çözsün…
ABŞ belə mövqe, daha doğrusu, mövqesizlikdə davam edəcəyi halda, Azərbaycan ATƏT-in Minsk Qqrupu formatında keçirilən görüşlərdə hər hansı səviyyədə iştirakdan imtina etməlidir. Bunun ABŞ-ı belə, Fransası elə, Rusiyası da Mixail Kosobokov-zad… Meyxanada necə deyilirdi? – “Heç mənə (bizə) lazım da deyil”…
TOPUNA ÜÇ HİLAL YETƏR!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!