Azərbaycanın birinci xanımı Mehriban Əliyeva vətəndaşlara ana qayğısı ilə yanaşır. Buna görə də insanlar ona qəlbən sığınır. Çətinliklərlə üzləşən vətəndaşların söylədiyi “Mehriban xanıma yazaram” cümləsi heç kimə yad deyil. Ona ünvanlanan müraciətlər onu göstərir ki, o, insanlar üçün ümid yeridir. 2004-cü ildə təsis edilən Heydər Əliyev Fondu vətəndaşlara çox doğmalaşıb. Mehriban xanımın rəhbərliyi altında fəaliyyət göstərən Fond kifayət qədər faydalı və genişmiqyaslı işlərə imza atıb. Bura həmvətənlərimizə fərdi şəkildə dəstək verilməsi, geniş qrupu əhatə edən insanlara fokuslanan əhəmiyyətli işlər və ümumilikdə sosial rifahın yaxşılaşdırılması, cəmiyyətin inkişafı, bir sıra sahələrdə uğur əldə edilməsinə yönələn çoxşaxəli fəaliyyət aiddir. Mehriban Əliyevanın insanların rifahı naminə yorulmaz fəaliyyətindən bəhs etsək kitablara sığmaz. Onun həyat və fəaliyyətini araşdıranda ən çox qarşımıza çıxan məlumatlar uşaq evlərinin sakinləri, şəhid anaları, sosial-həssas qrupa daxil olan insanların arasında olmasından ibarətdir. Hər kəs şahiddir ki, o, sosial məsələlərə hər zaman xüsusi diqqət ayırır. Xanım Mehriban Əliyeva nəcib əməllərin carçısı kimi bəşəriyyatın ali ideyalarına xidmət edir.
Genişmiqyaslı fəaliyyəti ilə bir sıra titul və fəxri adları daşıyan Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməklə Konstitusiyamızda təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı. Onun fəaliyyətinə nəzər saldıqda görürük ki, məhz buna qədər ölkəmizin hərtərəfli inkişafı üçün görülən saysız-hesabsız işlərin müəllifi olub. Birinci xanımın fəaliyyətini ümumiləşdirsək sosial-humanitar, elmi-mədəni, ictimai-siyasi sahələri və bu sahələrdən doğan istiqamətləri qeyd edə bilərik. Birinci xanım cənab Prezidentin ömür-gün yoldaşı olmaqla yanaşı onun sadiq silahdaşıdır. Həyatını Azərbaycan xalqına, milli-mənəvi dəyərlərimizin və dövlətçilik irsinin qorunub saxlanılmasına, daha da inkişaf etdirilməsinə həsr edir. Bütün bunlarla yanaşı o, həm də böyük siyasi xadimdir. Onun ölkəmizin inkişafında verdiyi töhfələr danılmazdır.
Ayrı-ayrılıqda vətəndaşlarımızın sevgisi kimi bir mükafatı haqq edən Mehriban xanım eyni zamanda ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda dövlət və beynəlxalq təsisatların mükafatları ilə təltif olunub. O, Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə, Pakistan, Rusiya, Fransa da daxil olmaqla müxtəlif xarici ölkələrin dövlət mükafatlarına, UNESCO, İSESCO, ÜST, Beynəlxalq Olimpiya Akademiyası kimi beynəlxalq təşkilatların təltiflərinə layiq görülüb. Onun beynəlxalq səviyyədə fəaliyyəti bütün dünyada Azərbaycan qadınının güclü, iradəli və ali dəyərlərə sahib olmasını bəyan edir.
Çingiz Səfərov,
İctimai fəal gənc, “Xeyirxah Platforması”nın təsisçisi