Nə “Müqəddəs yer”, nə də “Əclaf yeri”…
“Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” – bu Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasının mövzusuydu. İşə baxın, təhlükəsiz və ədalətli dünya, bizim ən çox istədiyimiz, uğrunda çalışdığımız, mübarizə apardığımız dəyərdir. Bəli, məhz dəyər! Bizi dövlət müstəqilliyimizin yaşı qədər “müşayiət etmiş” Ermənistan işğalı bu dəyərin “nə”liyini, “necə”liyini yaxından tanımayanların da tanımasına səbəb olub. Hər nə problemimiz olsa, onun bir Ermənistan tərəfi, Ermənistan içliyi var… Sabah-birisigün Ermənistan olmasa (inşallah da elə olacaq), bölgə necə olar, dünya necə olardı? – Necə olacaq? – 102 il öncəsindən pis olmayacaq. Doğrudur, getdikcə daha çox inanmağa başlamışam ki, “müqəddəs yer” kimi “əclaf yeri” də boş qalmır – səhnəyə illa bir Ermənistan çıxarıla bilər. Bilirsiz, yeni Ermənistan və erməniliyin qondarılmaması üçün bəşəriyyət yalnız “COVİD19” infeksiyası ilə deyil, gözə görünən-görünməyən, bilinən-bilinməyən bütün siyasi-ideoloji infeksiyalarla da mübarizə aparmalıdır. Məsələn, SSRİsayağı mübarizə deyil. Təsəvvür edin: yarandığı gündən beynəlmiləlçilik, xalqlar dostluğu, müttəfiqlik dedilər, yazdılar, faşizmə qarşı birləşdilər, faşistlərin yuvasını başlarına uçurdular amma… amma SSRİ öz bətnində neofaşistlər və neofaşizm bəslədi. Sizcə, plan-proqramlı, kitab-dəftərli beynəlmiləlçilik necə oldu da SSRİ-nin qürub vaxtında erməni üzü (üzsüzlüyü) ilə nəticələnə bildi? Sənətin estetik gücü, zərifliyi ilə – kino, teatr, ədəbiyyat, rəssamlıq, musiqi, mətbuat… demədən hər yerdə, hər cür beynəlmiləlçilik, antifaşizm tərənnüm, təbliğ və təşviq edilsə də, sonuc vahim oldu: SSRİ-nin çeçələ barmağı Ermənistan XX yüzilin sonu – XXI yüzilin başlarında dünya fazşiminin ünvanına, bayraqdarına çevrildi. Nijdeli-mijdeli Ermənistan Petrosyan, Köçəryan, Sarqisyan, Paşinyan demədən, bütün dönəmlərdə qan tökdü, işğalçılıq etdi, separatizmi dəstəklədi, faşizm yuvası oldu, terror əsdirdi. Bu necə olur?
Mən əlbəttə, beynəlmiləl dəyərlərin, xalqlar dostluğunun, ümumən hər hansı əsl nəcabətin əleyhinə deyiləm. Haşa! Baxın, keçmiş SSRİ-nin tərkibində olmuş başqa xalqların heç biri ilə bizim problemimiz yoxdur. Keçmiş SSRİ-dəki tam əksər xalqların bir-biri ilə problemi yoxdur zatən. Əsas problem ocaqlarına diqqət edək: lap başda Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna, Rusiya-Moldova elanolunmamış müharibə, münaqişə, təxribat və ya anlaşmazlıq meydanları, cəbhələri gəlir… Qanunsuzluğun “qanunauyğunluğ”unu görürsüzmü?..
Rusiyanın Tutçev anlamı…
Demək, Ermənistanı beynəlmiləlçilikdən “qoruyan”, beynəlmiləlləşməyə qoymayan nəsnələr var. Demək, Kreml zamanında Ermənistanı məchul günlər üçün bəsləyib-barındırıb…
Bugün Köçəryan elə beləcə də deyib: “Azərbaycanı Naxçıvana zor gücü ilə dəhliz açmaqdan yalnız Ermənistanda Rusiyanın hərbi mövcudluğu faktoru saxlayır”. Yaxud Rusiyanın bizim Xankəndimizdəki rusməramlı qüvvələrinin “Humanitar Reaksiya Mərkəzi”nin nümayəndəsi Aleksandr Korolevin yeni mətbu açıqlamasına diqqət edək: “Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları yüzdən çox zəvvardan ibarət bir qrupun Amaras xristian monastırına ziyarətinin təhlükəsizliyini təmin etdi. Bu adamlar buraya Stepanakert şəhərindən və monastıra bitişik yaşayış məntəqələrindən gəlib.
Amaras, erkən orta yüzil xristian monastırlarından biridir və Martuni bölgəsində yerləşir. Orta yüzil Ermənistanda məşhur bir dini və mədəniyyət mərkəzi statusuna sahib idi.
Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi zəvvarların Dağlıq Qarabağdakı dini yerlərə müşayiəti və qorunmasını həyata keçirir. Belə yerlərdən biri Amaras monastırıdır”. – Belə bir qələt açıqlama verən adam və ya adamlar sülməramlı ola bilərmi? Faşizmi yenmiş ölkənin əsas varisinin “sülhməramlı” qüvvəsinin təmsilçisi təsadüfənmi belə deyir? Bu, faşizmi yenərkən onu mənimsəmiş, ruhuna sindirmiş zehniyyətin məhsuludur. Belə zehniyyətlə nəinki, təhlükəsiz, ədalətli və sağlam dünya qurmaq olar, tam tərsinə, yalnız vurub dağıtmaq olar… Bu minvalla pandemiyaya yox, e, heç bir qlobal problemə son qoymaq, növbəti problemlərin, təhlükələrin qarşısını almaq olmaz. Zehniyyətinə faşizm oturmuşlarla birlikdə daha yaşanılır bir dünya qurmaq çətindir. Ona görə də, “dünya düzəlmir ki düzəlmir, baba”…
Həmin zəhərli zehniyyətdir ki mayın 28-də Novosibirsk şəhərində polis əməkdaşı olaraq qarşımıza çıxdı: əslən azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevi başından güllələdi və 18 yaşlı gənc keçindi. Neynədi kiçik ürəkli böyük Rusiya? – Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açıldığını duyurdu… Həm də həmin polisin təltif olunması təklifi səsləndirildi? – yoxsa, doğrudanmı “rus xalqının çatı var”? Doğrudan da, “Rusiyanı ağılla anlamaq mümkün deyil” (Fyodor Tutçev). 31 yanvar 2017-ci ildə Rusiyanın başqa bir şəhərində – Surqutda Azərbaycanın başqa bir vətəndaşı öldürülmüşdü: yenə başından, yenə güllə ilə..! – Hadisə günün gün orta çağı (14:00), Andreyevski küçəsində yerləşən “Rus” kafesində baş vermişdi. Rusiyanın hansı şəhərində hansı il azərbaycanlı öldürülməyib ki?!. Ağına-bozuna baxmayan ağ ayının özünün etdikləri azmış kimi 200 ildir Qafqaza bir donuz da dadandırıb, Qafqazda hüzur qalmayıb…
Biz o vaxt-bu vaxt ədalətə, təhlükəsizliyə çağırırıq, ədaləti, etibarı təmsil edirik, ancaq donuz darıdan çıxmır ki çıxmır… Nəhayət 2020-ci ilin 44 günü içində 200 ildən ziyadə 30 il meydan sulamış donuzu bu dəfə iti qovan kimi qovduq. O donuz tam da ötən ilin bu vaxtları Şuşada infeksiya yayırdı…
Bu siyasi-ideoloji bölümdən sonra, ikinci bölümə – Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasına və ölkəmizin pandemiyaya qarşı aldığı önəmli qərarlara, o qərarların beynəlxalq inkasına keçid alalım…
Üstün Azərbaycan və ÜST
Pandemiyaya qarşı mübarizədə respublikamızın örnək göstərildiyi bəllidir. Bəllidir ki ÜST rəhbərliyinin rəylərinə əsasən Prezident İlham Əliyevin başçılığı ilə pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər məqsədyönlü, düşünülmüş təsirli siyasətin təntənəsidir. Söz vaxtına çəkər – tam da bugünlərdə Azərbaycan pandemiya məhdudiyyətləri ilə bağlı böyük açılımlar edir. Bir sıra məhdudiyyətlərin aradan qaldırılması asan vəzifə deyil, belə qərarlar təhlillər nəticəsində, müvafiq göstəricələr nəzərə alınaraq verilir. Bir zamanlar 4 rəqəmli, hətta dörd minin üzərində yoluxma ilə həyacan yaradan “COVİD19”, ən son bilgiyə görə ikirəqəmli yoluxma ilə müşayiət olunmaqdadır. “COVİD19”-dan həyatını itirən bütün vətəndaşlarımıza Tanrıdan rəhmət, xəstələrimizə möhkəm sağlamlıq dilərkən, dövlətimizə, xalqımıza könül dolusu şükranlar edirəm. Dövlət də, xalq da bacardığını etdi. Dövlət-xalq birliyinin yalnız 44 günlük müharibədə deyil, pandemiya ilə mübarizədə parlaq şəkildə göründüyünü məmnunluqla deməliyik. Əslində, Azərbaycan dövləti yalnız vətəndaşlarımız üçün deyil, bütün dünya üçün fədakarlıq edib və edir.
Bu, erməni faşizminə qarşı mübarizədən çıxan nəticədir;
bu, “Covid19”la mübarizədən çıxan nəticədir.
Hər iki fədakarlığın nəticələrini yaxın-uzaq xalqlar zaman-zaman idrak edib, etiraf edəcək.
2020-ci ilin xalqı Azərbaycan xalqıdır! Azərbaycanın xidmətləri bir ilə, bir ölkəyə, bir sahəyə sığmır. “COVİD19”la bağlı Prezidentlər səviyyəsində ilk beynəlxalq müzakirə harda aprıldı? – Türk Şurasının toplantısında. Daha böyük beynəlxalq müzakirə harda aparıldı? – Qoşulmama Hərəkatında. Hər iki beynəlxalq qurumun başçısı Azərbaycan Prezidentidir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması üçün müraciət etdi. BMT Baş Assambleyası bir qədər bürokratik uzatmadan sonra nəhayət ötən ilin sonuncu ayında xüsusi sessiya keçirdi.
Məhz Azərbaycan Prezidenti vaksinlərin ədalətli bölgüsü mövzusunu, bundan öncə, “COVİD19”la mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
“Peyvənd millətçiliyi”nin yolverilməzliyini gur səslə, cəsarətlə beynəlxalq ictimaiyyətə duyuran lider məhz Azərbaycanın dövlət başçısıdır!
“COVİD19” Azərbaycandan yayılmayıb – bu öz yerində; Azərbaycan “COVİD19”a yoluxmuşların ölkəmizə gəlişini, ölkəmizin yoluxmuş sakinlərinin başqa ölkələrə keçidini məhdudlaşdırdı – bu sahədə ilk və davamlı addım atan ölkələrdən oldu.
Biz dünyada vaksin alan və əhalinin vaksinasiyasına başlayan öncül ölkələr sırasındayıq.
Mayın son gününün əsas çıxışı
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev ÜST Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyanın bağlanış mərasimində çıxış etdi (31.05.2021).
Azərbaycan Prezidentinin dünya səhiyyə literaturunu zənginləşdirəcək bu yığcam nitqi, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə haqlı mövqeyini, davamlı işini, ədalətli davranışını bir daha ifadə etdi:
“Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”…
BMT sistemi çərçivəsində beynəlxalq səhiyyə məsələlərini əlaqələndirən 73 yaşlı ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası yaddaşlarda Azərbaycan Prezidentinin nitqi başda olmaqla, ədalətə, birliyə, həmrəyliyə çağırışlarla qalacaq. Hələliksə, dünya pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınmasına çalışır. Bunun yolu birlikdən, daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulmasından keçir…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!