Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımları çox ağrılı və ibrət dərsi götürməli tarixdir. Ona görə, ibrət dərsi götürməliyik ki, həmin dövrü vətəndaş olaraq öyrənsək bir çox qaranlıq mətləblərə işıq salarıq. Digər tərəfdən tarix, keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır.
1918-ci il hadisələrini, ümimilikdə mart soyqırımlarını tədqiq edəndə bu qənaətə gəlmək olar ki, o zaman ermənilərin və onların havadarlarının məqsədi nəyin hesabaına olursa Azərbaycan türklərini bu regiondan yox etmək idi. Neftlə zəngin olan Bakını bolşevik Rusiyasının nəzarətində olan erməni şəhərinə çevirmək hədəflərdən biri olub. Lakin düşmən qüvvələrin bu iyrənc, qanlı planları baş tutmadı.
Böyük saxtakarlıq xəstəliyinə tutulan ermənilər Bakını bütün dövrlərdə erməni şəhəri kimi dünyaya təqdim etməyə cəhd göstəriblər. Bu bədnam topluma məxsus olan Baku.am saytı vasitəsilə nəinki Bakının tarixini, hətta bütün tarixi faktları, xüsusilə 1918-ci il hadisələrini tamamilə saxtalaşdırıblar. Saytda göstərilir: “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”.
Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi haqqında məlumatı olmayan əcnəbi həmin saxtakar yazıları oxuyandan sonra düşünə bilər ki, Bakı qədim erməni şəhəridir. “Baku.am” saytı Bakı şəhərinin tarixini saxtalaşdıraraq daha bir addım atır. Saytda çox məkrli şəkildə guya paytaxt Bakının erməni icmasının “zəngin keçmişini”, “varisliyini” aydınlaşdırmaq, təqdim etmək istəyi olub və erməni müəlliflərin bu sahədə uğursuz cəhdləri var.
Onu qeyd etmək istərdim ki, 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. Öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində qətliamlar baş verib ki, onun yenidən tədqiqatına ehtiyac var. Hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş verməmişdi. Soyqırımın baş verdiyi yaşayış məskənlərindən biri Qobustan rayonunun Sündü kəndidir. (Vaxtılə Şamaxının inzibatı ərazisi olub) Onu da qeyd edək ki, 5 min illik tarixi olan Sündü kəndinin əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib.
1992-ci ildə baş verən Xocalı faciəsi qədər dəhşətli olan azərbaycanlıların 1918-ci il soyqırımı hadisələri yetərincə araşdırılmayıb. Ən dəhşətlisi odur ki, bu soyqırımlar haqqında bu vaxta qədər çox səthi və bir çox hallarda statistik
məlumatlara rast gəlmək olur. Belə faktların və yaşayış məntəqələrinin siyahısını xeyli artırmaq olar. Bu hadisələr zamanı kifayət qədər şahidlər olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanış olanda görürük, bu, fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub. O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq.
Ötən əsrin 90-cı illərindən sonra bu sahədə xeyli işlər görülsə də ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınmasına nail olmamışıq. 1918-ci il soyqırımı aktını dünyada qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın daxilində bu hadisələr dərindən tədqiq edilib ictimaiyyətə geniş şəkildə çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla, kitabların kütləvi nəşri ilə bərabər bu soyqırımın mahiyyətini açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var.
Biz bir neçə il öncə 1918-ci il hadisələrini qismən də olsa tədqiq etməyə çalışdıq. Soyqırımın coğrafiyasını nəzərə alaraq Azərbaycanın 5 rayonun (Quba, Şamaxı, Şabran, Qobustan, Ağsu) 30-a yaxın kəndində olaraq xeyli sayda insanlarla söhbət aparmışıq. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki, indi dünyalarını dəyişiblər. Biz o zaman topladığımız bu faktları informasiya çevirərək canlı şahidlərin iştirakı ilə kitab nəşr etdik (news | FACT-INFO.AZ (fact-info.az), AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində sənədli film (1918-ci il hadisələri – Unudulmayan tarix (2018) – YouTube)çəkə bildik.
Araşdırmalarımız bir neçə istiqamətdə olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlar toplanılıb.