Qəvamü-səltənə sürətlə müəyyən məqsədyönlü bir seçimlə öz koalisiya dövlətini təşkil etdi. (23 yanvar 1946-cı il, 7 yanvar 1947-ci il ) Sonra isə on dördüncü İran parlamenti bunun lehinə səs verdi. Bunun ardınca Qavam Müttəfiq Dövlətlərin başçılarına telegramlar göndərərək Sovet rəsmləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər etməsini bildirdi. O, bir qrup əməkdaşları ilə birlikdə Sovet xüsusi təyyarəsində Moskvaya getdi. Əlbəttə səfərə çıxmazdan əvvəl müavini olan İngiltərədə təhsil almış Müzəffər Firuza lazımı tapşırıqları verdi. Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin bəzi rəhbərləri ilə əlaqə saxlaması üçün ona göstəriş verdi. Əhməd Qəvam “Aminü-dövlə”nin Təbrizdə katibi olduğu üçün vəliəhd Məhəmmədəli Mirzənin diqqətini özünə cəlb etmişdir. Bu səbəbdən də Azərbaycanla tanış idi. İllər əvvəl Pişəvəri Qəvamı ictimaiyyətə tanıtdrmaq üçün “Ajir” qəzetində yazmışdı: “İddialı qoca, azadlıqsevərləri məhv etməkdə, habelə sadəlövh və təmiz insanları aldatmaqda qəribə bir istedada malikdir. O, bu işdə yorulmur və ümidsizliyə qapılmır. (Ajir qəzeti, No 40, 20 İyul 1943-cü il). Qəvam, milli hökumətin rəhbərləri üçün tanınmış bir şəxsiyyət idi və ona görə də onlar Qəvam hökuməti ilə danışıqlarda bütün aspektləri nəzərə almalı idilər.
Moskvada Azərbaycanla bağlı bir neçə dəfə Sovet rəsmiləri ilə Qəvamın danışıqları davam etdi. Sovet rəsmiləri Azərbaycan məsələsini İranın daxili məsələsi hesab etdilər, lakin onlar Azərbaycanda Əyalət və Vilayət əncümənlərinin rəhbərliyi ilə sosial, iqtisadi və mədəni islahatların aparılmasını mərkəzi hökumətdən tələb edirdilər. Lakin İran rəsmiləri türk dilini yerli dil kimi qəbul etmələrinə baxmayaraq, əski zamanlardan bəri Azərbaycanın mədəniyyət və ədəbiyyatının farsca olduğunun qənaətində idilər. Onlar Azərbaycanda sosial islahatların aparılmasını Əyalət və Əyalət Əncümənləri qanunlarının tətbiq edilməsinə razi idilər. Əlbəttə onlar gizli şəkildə hər hansı bir islahatın keçirilməsinə qarşı idilər. Qəvam Moskvada 19 fevral 1946-cı il, 6 martdan 19 mart 1946-cı il tarixinədək danışıqları davam etdirməsinə
baxmayaraq, istənilən nəticələr əldə olunmadı. Bütün bu müddət ərzində yerli və xarici irticaçılar Azərbaycan Milli Hökumətinə və onun fəaliyyətinə qarşı şiddətli hücumlarını davam etdirdilər. Sovet qoşunlarının İranı tərk etməsi bəhanəsi ilə siyasi inkişafa və milli hökumətin inkişaf proqramının həyata keçirilməsinə mane oldular. Qəvam Sovet İttifaqının Tehrandakı yeni səfiri Sadçikovla danışıqları davam etdirdi. Müzakirələrdə Azərbaycan məsələsi daxili bir məsələ olduğu qeyd edilərək, mövcud qanunlara uyğun olaraq Azərbaycanda islahatların aparılması və mərkəzi hökumətin Azərbaycan xalqına qarşı xeyirxahlıq ruhunda davranması israrla vurğulandı.
1946-cı il aprelin 7-də Qəvam, dolayısı ilə Azərbaycan Milli Hökumətini tanıyaraq, danışıqlar aparmaq və sülh yolu ilə Azərbaycanın problemini həll etmək üçün Azərbaycandan bir nümayəndə heyətini Tehrana dəvət edəcəyini bildirdi. Dəvət üçün 14-cü parlamentdəki Azərbaycanın Təbriz nümayəndəsi olan İpəkçianı Təbrizə göndərdi. O, Qəvamın rəsmi dəvətini Pişəvəriyə çatdırdı. Öncədən Təbriz radiosu Azərbaycanın Tehranla müzakirə etmək üçün hazır olduğunu bildirmişdi. Pişəvəri dəvəti qəbul edərək bir nümayəndə heyəti (Padiqan, Cahanşahlu, İbrahimi, Dilmuğani, Şahin, və Seyf Qazi) ilə birlikdə Tehrana səfər etdi. O, Təbrizin hava limanında belə dedi: “…. kimsə silahlı fədai quvvələrinin yardımı ilə əldə edilmiş azadlığı bizdən ala bilməyəcəyinə inanıram. Mürtəce Tehran hökuməti devirildikdə bütün İran azad olacaqdır. Lakin şərait elədir ki, Azərbaycan güzəştə getməlidir.”( Qozəşte Çerağe Rahe Ayəne Əst- Keçmış Gələcək yolun mayakıdır- Cami qrupu. S 387).
Azərbaycan nümayəndə heyətinin Tehrana gəlişindən əvvəl Amerika zabiti Şvartskovun rəhbərliyindəki jandarma, nümayəndələri dəstəkləmək üçün hava limanına (bir qrup velosipedlə və ya piyada) gələn azərbaycanlı zəhmətkeşlərin (əsasən Tehranın cənub məntəqəsindən olan azərbaycanlılar) nümayişlərinin qarşısını almaq məqsədilə yol boyunca mövqe tutmuşdu. Bu qarşılama jandarma qüvvələrinin gözləntisindən daha geniş idi. Ona görə də jandarma qüvvələri nümayişçilərin qarşısını almaq üçün silahlarla onlara atəş açdılar. Nəticədə azərbaycanlı
zəhmətkeşlərdən 2-si öldürüldü və 8-i isə yaralandı. (Keyhan Qəzeti, № 943,29 aprel 1946-cı il). Bir tikə çörək tapmaq üçün Tehrana mühacirət etmiş və şəhərin kənarında ağır şəraitdə yaşayan yoxsul Azərbayan zəhmətkeşlərinin əllərində plakatlarda Azərbaycan nümayəndə heyətinə “Xoş gəldin”, həmçinin “ Ayıq olun, səhv etməyin, bizim azadlığımız sizin düzgün hərəkətlərinizə bağlıdır” şüarları yazılmışdır. Bu müddət ərzində Qəvam Azərbaycanı sakitləşdirmək, bəlkə də aldatmaq üçün boş oturmayaraq 1946-cı il aprelin 22-də Azərbaycanla bağlı mərkəzi hökumətin qərarını açıqladı. Bu qərara əsasən, Əyalət və Vilayət Əncümənləri üçün məşrutə qanunun 90, 29, 91,92, 93 bəndlərinin icrasını təsdiq etdi. Yəni beşınci sinifə qədər Azərbaycan (türkü) dilində dərslər tədris olunmalı, Həmkarlar ittifaqları, demokratik cəmiyyətlərin azad fəaliyyəti, Azərbayan deputatlarının sayının artırılması, Azərbaycan şəhərlərinin abadlaşdırılması və Azərbaycan mədəniyyətinin inkişafı üçün gəlirlərin çoxunun azərbaycanda qalması mərkəzi hökumət tərəfindən qəbul edildi. Bu tələblər Azərbaycan Milli Höküməti qurulmadan əvvəl Azərbaycan xalqının tələbləri idi. İndi Azərbaycan Nümayəndə heyəti 33 bənddən ibarət tələblə Tehran hökuməti ilə müzakirəyə gəlmişdir. Nazirlər kabinetinin qərarı daha çox vaxtı uzatmaq və nümayəndə heyətini yormaq məqsədi daşıyırdı. Çünki nazirlər kabinetinin qərarının əsla icra zəmanəti yox idi.
Tehrandakı danışıqlar 15 gündən sonra nəticəsiz sona çatdı. Azərbaycan nümayəndə heyəti May ayının 13-də Təbrizə qayıtdı. Lakin Qəvam aldadıcı oyunlarını davam etdirərək Təbrizə bir komissiya göndərilməsini qərara aldı. Şəraiti nəzərə alaraq müzakirənin davam etməsini uyğun gördü. Tehran Azərbaycanın bəzi istəklərini təsdiqləyərək qəbul etdi. O tələblər bunlardan ibarət idi. Muxtar hökumət və Azərbaycan Milli Məclisi Əyalət Əncümənin, milli hökumət nazirləri isə müvafiq idarə rəislərinə, Azərbaycan hərəkatının demokratiyanın gücləndirilməsi və möhkəmləndirilməsi uğrunda demokratik bir hərəkat kimi tanınması, Əyalət Əncüməninin istəyini nəzər alaraq Azərbaycan valisinin mərkəz tərəfindən təyin olması və bəzi digər tələbləri Qəvam hökuməti qəbul edərək onun təsdiqini on beşinci məclisə həvalə etdi.
Pişəvəri Qavamla danışıqların gedişatından, xüsusilə mərkəzdən Azərbaycana hərbi qüvvələr (ordu və jandarma) göndərmək şərtinə razi olmayaraq bunu Azərbaycanın tələblərinə zidd hesab etdi. Lakin Qəvam planlarından ağıllı və hiyləgərcəsinə istifadə edərək Azərbaycana qoşun yeritmək şəraiti hazırlamaq üçün özünü demokratiyanın tərəfdarı kimi göstərirdi. O deyirdi: “Azərbaycanın məsələlərinin həlli üçün sülhdən başqa heç bir prosedur qəbul etmirəm, qardaş qanı tökməkdən çəkinirəm! Ancaq bölgə xan və mürtəceləri ilə əlaqə saxlamaq üçün müxtəlif yollarla gizli şəkildə bir qrup adamlarını Azərbaycana göndərdi.
Azərbaycan nümayəndələrinin Tehrandakı 15 gün ərzində uğursuz danışıqları, Azərbaycanın və milli hökumətin siyasi, iqtisadi, inzibati fəaliyyətləri prosesində böyük bir xaus yaratdı. Bu müddət ərzində mərkəzdən gələn iqtisadi təzyiqlər davam etməkdə idi, bu da Azərbaycanda iqtisadi iğtişaş və narazılığa səbəb oldu. Bu üzdən də Milli hökumət iqtisadi baxımdan bir sıra radikal tədbir həyata keçirməyə məcbur oldu və bu da ictimaiyyətin bəzi zümrələrini və öz xeyrini güdən bazar tacirlərinin narazılığına səbəb olduğundan onlar hökümətin bu siyasətini dəstəkləmədilər. Siyasətlərinin radikallaşması milli hökumət rəhbərləri arasında fikir ayrılığını daha da dərinləşdirdi. (Azərbaycan Demokrat Firqəsi və milli hökumət üzvləri fərqli sinif mənşəli idilər, bəziləri sol, fəhlə, kəndli meyilli, digərləri isə milli və burjua meylli idilər ). Bu səbəbdən də milli hökumətin öz sosial mövqeyini qoruyub möhkəmləndirmək üçün bir sıra təcili və həlledici taleyüklü məsələləri həll etməli idi. Bu siyasət və şərtlər Tehranın zamanı uzatması və fürsət ardınca olan Qəvamın siyasəti ilə uyğun deyildi. Qəvam hələ də danışıqlar və fürsət ardınca idi. Müddət uzandıqca o, öz məqsədinə nail olmaq fikrində idi. Nəticədə danışıqların uzanması milli hökumətin icraedici fəaliyyətləri azaldıqca ümidsizlik və məyusluğu artmağa başladı. 11 iyun 1946-ci il Qəvamın siyasi müavini “Müzəffər Firuz” un başçılığı ilə 10 nəfərdən ibarət olan tam səlahiyyətli bir heyətlə Təbrizə gələrək dərhal danışıqlara başladı. 13 iyun tarixində 5 qeydli 15 maddəlik bir razılaşma Pişəvəri və Müzəffər Firuzun imzası ilə təsdiq edildi. Bu müqavilənin bəndlərində Azərbaycanda yaşayan və 5-ci sinfə qədər öz dillərində tədris edən azlıqların hüquqları, azad seçkilər, və
seçkilərdə qadınların iştirak etməsi, fədai qüvvələrinin jandarmaya inteqrasiyası və s. yazılmışdır.
Tələblərin əksəriyyəti və icrası, qurulacaq on beşinci parlamentin millət vəkilləri tərəfindən təsdiq olunmasına qədər təxirə salındı. Bu da bir tərəfdən müzakirənin uzadılması ilə Azərbaycan Milli Hökumətini məşğul etmək və digər tərəfdən məsələnin həllini hələ gələcəkdə qurulacaq on beşinci məclisin təsdiqinə vermək siyasəti Qəvamın yürütdüyü taktikalardan biri idi. Bu arada, milli hökumətin nailiyyətini müdafiə etmək üçün kütlələrdən, xüsusilə kənd və yoxsullarından qurulan Xalq Ordusu (İran ordusuna birləşmək) və Fadai qüvvələrin (jandarmaya birləşdirmək) taleyi həll olunmamış qalırdı. Milli Məclis özünü ləğv edərək Əyalət Əncüməninə çevrildi. Qərarın başqa bir bəndinə əsasən “Keşikçi” adına dəyişdirilməkdə olan jandarma komandanlığında yenə də ABŞ-dan olan Şovartskov saxlanıldı. Nəhayət, Anlaşma əsasında Salamulla Cavid vali və digər nazirlər isə əlaqədar şöbələrə rəis təyin edildilər. Pişəvəri isə baş nazir vəzifəsindən istefa verərək Azərbaycan Demokrat Firqəsi rəhbərliyində qaldı. O, ölkənin azadlığı uğrunda bütün İran xalqlarını mübarizəyə çağırdı. Bu əsnada milli hökumət rəhbərliyinin razılığı ilə mərkəzə təhvil verilən Zəncan xalqı, 17 iyun 1946-ci il tarixli bir mitinqdə çox qəzəblənərək uca səslə bəyan etdi: “ milli xüsusiyyətlərə, yəni dil və adət-ənənələrə sahib olan Xəmsə vilayətinin Azərbaycanın ayrılmaz bir hissəsidir. Pişəvəri onları sakitləşdirərək, Azərbaycan Demokrat Firqəsinə inanıb və etibar etməyə çağırırdı. 12 Şəhrivər müraciətnaməsində bütün istəklərimizi müharibə və qan tökmədən əldə etdik.” Pişəvəri Qəvamı tərifləyərək dedi: “O, Azərbaycan (türk) dilini məktəblərdə tədris etməyə göstəriş verməklə İran tarixində özündən yaxşı bir ad qoydu.” Pişəvəri Təbriz Radiosuna verdiyi bir müsahibədə dedi: “Azərbaycanlılar üçün dil məsələsi ölüm-dirim məsələsidir, bizim vəzifəmiz əldə edilmiş hüquqları qorumaq və onları bu şəkildə istifadə etmək xalqın xoşbəxtliyidir.
Qəvamın Azərbaycanla anlaşması bütün İranda geniş əks-səda doğurdu. Cənubda neft fəhlələrinin geniş etirazları Biritaniya rəsmlərini və mürtəceləri nigəran edərək,
qorxutdu. Xuzistan Əyalət Əncümənləri öz varlıqlarını elan etdilər, belə nəzərə gəlir ki, onları təşkilatlandırmaqda Qəvamın rolu olmuşdur. Bunun ardınca “Demokratik Fars Əyaləti” öz mövcudluğunu elan etdi. Bu da Qəvamın hiylə və oyunlarının davam etməsinə zəmin yaratdı. 30 may 1946-cı ildə Qəvam “İran Demokrat Partiyası”nın yaranmasını elan etmişdi. Cənubdakı bəzi təşkilatlar, o cümləsən “Xuzistan Əşairlər Birliyi” cəmiyyəti Qəvamın yaratdığı partiyaya qoşuldu.
1 avqust 1946-cı ildə Qəvam koalisiya dövlətini elan etdi. Bu dövlətdə İran Tudə Partiyasından üç nazir (Yəzdi, Kəşavərz və İrəc İskəndəri” və bir nazir isə “İran Partiyası”dan (Hamısıahyar Saleh) iştirak edirdilər. Qəvamın məqsədi onları susmağa məcbur etməklə öz hiyləgər planını həyata keçirmək idi. Nazirlər Kabineti cəmi 75 gün davam etdi. Belə nəzərə gəlir ki, bu dövlətin əsas məqsədi Azərbaycanda milli hökuməti devirmək imiş.
Qəvam yenə də öz işini davam etdirərək müqavilənin təkmilləşdirməsi bəhanəsi ilə Azərbaycandan Tehrana bir nümayəndə heyətini dəvət etdi. Lakin bu dəfə qarşılama başqa cür idi. Çünki, Mirzə Əli Şəbüstərinin başçılığı ilə heyətin tərkibində Cavid, Padiqan, Pənahi və s. nümayəndələr var idi. Onlar Cavadiyyə bağında sakin oldular. Bir qrup jandarma onların əhali ilə və xüsusən Azərbaycan zəhmətkeşləri ilə görüşmələrinə mane olurdular. Yenə də sonu görünməyən müzakirə marafonu davam etdi. Bunun məqsədi yalnız vaxt tələf edilməkdən və Azərbaycanda iqtisadi- sosial böhranın genişlənməsindən idi. Müzakirə 2 ay davam etdi. Salamulla Cavid tək başına iki həftə onu davam etdirdi. Bütün bu müddət ərzində hərbi komandirlər Şah və Qəvamla gizli görüşərək Azərbaycana hücum etməyi planlaşdırdılar. 1946-cı ilin mayında Səədabad sarayında Qavam və Ordunun Baş Qərargah rəisi Hacəli Rəzmaranın iştirak etdiyi gizli bir iclasda, onun məruzəsi dinlənildi: “Azərbaycan məsələsini bu il lehimizə həll etməsək, gələn il bu mümkün olmayacaq. Gələn il Pişəvəri Tehrana gələcək, monarxiyanı devirib özü prezident olacaq. İran isə Şərq blokunda yerləşəcək. Bu üzdən Azərbaycana hücum etmək zəruridir. Onun planı hazırlanmalıdır. (Əmirəli Lahrudi, Yadmadeha və mülahizeha -Xatirələr və
Düşüncələr, s. 234). Bu səbəbdən tapşırıq və fürsəti gözləyən ordu və Tehran siyasətçiləri Azərbaycandan qalxmış, bütün İrana əks-səda sala biləcək azadlıq səsini boğmaq istəyirdilər….
ardı var