Televiziya yayımına Azərbaycanda 1956-cı ilin fevralın 14-də başlanılıb. Bir mənalı qiymətləndirmək çətində olsa, ötən dövr ərzində bu, önəmli sahə hər bir kəsin düşüncəsində iz qoyub. Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Telekanal isə ona həvalə olunan ali missiyanı yerinə yetirməli idi. Lakin bir çox hallarda bu sahədə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərdi.
Ədalət naminə demək lazımdır ki, Azərbaycan telekanallarında maarifləndirici layihələr var. Belə maarifçilik missiyası daşıyan verilişlər Azərbaycan gəncinə, yeniyetməsinə, ümumilikdə hər kəsə yalnız fayda verər. Xüsusilə, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının, həmçinin televiziyaların fəaliyyətini müsbət dəyərləndirmək lazımdır.
Lakin problemlər az deyil. Peşəkarlıq media üçün hər zaman aktual məsələ olub. Təbii ki, media sahəsində peşəkarlığın aşağı düşməsinə təsir göstərən kifayət qədər səbəblər var. Bu gün tamaşaçıların xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir. Bütün bu məqamlar düşünməyə əsas verir ki, öz tv məkanımızdakı problemlərə diqqət yetirək.
Bəs, Azərbaycan tamaşaçısını bezdirən, dərhal kanalları dəyişməyə məcbur edən nədir?
Bu məqamlar üzərində düşünmək lazımdır. Etiraf etmək lazımdır teleməkanda ciddi problemlər hələ də qalmaqdadır. Bu gün təəssüf doğuran odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, telekanal rəhbərliyi belə verilişlərin reytinqinə və cəlb olunan reklamlara görə, həmin şəxslərin fəaliyyətinə yaşıl işıq yandırır.
Bütün hallarda teleleviziya verilişi hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Hər dəfə qeyd olunur, belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.
Xoşa gəlməyən hal odur ki, bu, verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Həmin şəxslər neçə illər əvvəl necə olubsa, demək olar ki, indi də televiziyanı eyni formada urvatsız günə salırlar. Aparıcı televiziyanın simasıdır. Əgər bu sima zədələnibsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdi.
Ictimai rəylə hesablaşmamaq ənənəsi, peşəkar teletəndiqin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verib. Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq strateji hədəflərə doğru getmək mümkündür.
Telekanal hər evə xoş aura gətirməlidir. Ailə institutunun dağılmasını hədəfləyən bəzi verilişlərdə qaldırılan məqamlar televiziyanın müzakirə mövzusu olmamalıdır. Bu məsələlərin müzakirəsi və həlli yollarının tapılması tv-də deyil, bəzi dövlət qurumlarının səlahiyyəti çərçivəsində olmalıdır.
Digər bir zəruri məsələ TV-də və media sahəsində reklam bazarı çox ciddi təhlil olunmalıdır. TV-də bir çox problemlərin kökündə teleticarət və reklam bazarının tənzimlənməməsi problemi durur. Bu sahənin həqiqətən geniş araşdırılmasına ehtiyac var.
Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə məsuliyyətsiz yanaşma olsun.
Əlqərəz, cəmiyyətin və tv-lərdə şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə fayda verər. Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir.
Bir çox sahələrdə o cümlədən televiziyada qaranlıq əməl mənəvi dəyərlərin itməsi təhlükəsi deməkdir. Qaranlıqdan uzaq olun. Hər zaman işığa və cəmiyyətin aydınlığına doğru yolunuz açıq olsun dəyərli oxucu!
Əkrəm Bəydəmirli