Bu gün media ilə bağlı məqamlar çox haqlı olaraq müzakirə mövzusudur. Çünki bu sahədə ciddi problemlər uzun illərdir ki, həllinİ tapmır. Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamından sonra bu sahədə müzakirələr xeyli artıb. Vaxtılə KİVDF yaradılan zaman həmin quruma böyük ümidlər yaranmışdı. Təəssüf ki, bu ümidlər doğrulmadı.
Əlqərəz keçmişi qamçılamaq yox, keçmişdən ibrət dərsi götürmək lazımdı.
Mediada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə, bu sahədə davamlı islahatların aparılmasına böyük ehtiyac var.
Ənənəvi medianın problemləri ilə bağlı çox danışılıb, yazılıb. Çap mətbuatı haqqında səslənən bədbin proqnozlar sonda reallığa çevrilir. Bu gün deyəsən, çap mətbuatı ilə bağlı vəziyyətdən çıxmaq üçün heç Əlləddinin sehirli çırağı da köməyə gəlməyəcək. Dünyada olduğu kimi Azərbaycanda da qəzetlərin perspektivi gündən-günə azalır. Rentabelliyini itirən bu sahəyə sərmayə yatırmağa ehtiyac varmı?
Kimin necə düşünməsindən asılı olmayaraq media özü-özlüyündə bir biznes sahəsidir. Yəni məhsul bazarın tələblərinə uyğun olmalıdır. Tələb və təklif bir-birini tənzimləməlidir. Əlqərəz, bugün qəzet var, onun satışı isə yoxdur. Məhsul satılmırsa deməli, bu biznes sahəsi rentabelliyini itirəcək.
Normal iqtisadi mühitdə belədir ki, hər bir məhsul istehsal olunarkən marketoloqlar ilk öncə bazarı öyrənib təlabatı müəyyən edirlər. Hərçənd ki, bizdə marketinq-təhlil mərkəzlərinin yetərincə oturuşmaması tək qəzet bazarında deyil, digər sahələrdə də özünü göstərir. Bəzi insanlar düşünürdülər ki, elektron kitabxanalar yarandığına görə, kitablar satılmaycaq. Ancaq araşdıranda görürük çap olunmuş kitablar alınır, oxunur
.Bəs, çap olunmuş qəzetlər niyə satılmır? Bunun səbəbləri təbii ki, çoxdur.
Bu gün baş verən hadisələr haqqında məlumatları internet saytlarından elə həmin andaca əldə edirik. Bu eşitdiyimiz, oxuduğumuz məlumatları olduğu kimi sabah qəzetlər çap edir. O zaman belə sual yaranır, bu, qəzeti mən niyə almalıyam? Bəlkə də mən səhv edirəm. Qənaətim belədir ki, qəzet satışında yaranan problemlərin bir qismi bundan qaynaqlanır. Tezliklə qəzetlərin sıradan çıxması özü-özlüyündə ciddi itki olar. Ona görə də, çap mətbuatının perspektivi naminə bir sıra addımlar atılmalıdır.
Qəzetə bazar elementi kimi baxaraq daha fərqli yanaşmalar tətbiq olunmalıdir.
Dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bundan əlavə qəzetlər daha çox səhifəli, jurnal formatına uyğun, zəngin yazılarla oxucunun görüşünə gəlməlidir. Necəki oxucu dəyəri olan kitaba pul verir, eləcə də, internetdə tapa bilmədiyi, geniş həcmli, cəmiyyəti düşündürən məqalənin çap olunduğu qəzetə pul verəcək. Həmçinin paytaxtda və regionlarda qəzet yayımı, satışı ilə bağlı mövcud problemlər həllin tapmalıdır.
Onu da unutmaq olmaz ki, cəmiyyətdə çox mənfi imici olan reket jurnalistikasına qarşı aparılan mübarizənin metodologiyası dəyişməlidir. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır. Hərçənd ki, bu gün mətbuatın əsas problemi reket jurnalistikası deyil. Problemi doğuran səbəblər aradan qalxdıqca reketçilikdə öz həllini tapar.
Ötən illər ərzində Mətbuat Şurası reket jurnalistikasının qarşısını almağa çalışaraq papağını günə verdi. Reket jurnalistikası var. Haqlı olaraq onları ifşa etmək lazımdır. Əslində onların məsələsi hüquq mühafizə orqanlarının məşğul olacağı sahədir.
Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar media sahəsini incidilərək və yaxud başqa səbəblərdən tərk edib. Əvəzində təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qələmini və qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə medianın maddı texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı formalaşmalıdır.
Medianın iqtisadiyyatı müstəqil reklam bazarının inkişafı ilə bağlıdır. Ona görə hədəf reklam bazarının problemlərinə yönəlməlidir. Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına reklam bazarının hazırkı göstəriciləri uyğun gəlmir.
Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir