Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu mühüm sənədlə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu Vətənin orden və medalları ilə təltif ediliblər.
Bu xəbər məni sonsuz dərəcədə sevindirdi. Ona görə ki, təltif olunanların hər biri bu böyük mükafatlara layiqdirlər. Fakt budur ki, Azərbaycanın hərbi qulluqçuları ikinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar və qeyri-adi şücaətlər göstəriblər. Onlardan bir çoxu, daha dəqiq desək, 2783 qəhrəman əsgər və zabitimiz Vətən uğrunda ağır döyüşlərdə həlak olub. Çox sayda qazilərimiz var. Şəhidlərimizə uca Hamısıahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağalmalarını arzulayıram.
Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz hər bir əsgər və zabitin qələbəmizə verdiyi töhfəni layiqincə qiymətləndirib. Siyahıya diqqətlə nəzər yetirəndə gördüm ki, Vətənin orden və medalları ilə təltif olunan böyük bir hissəsi şəhidlərdir. Onların hər biri xalqımızın qəlbində özünə dərin sevgi, sonsuz məhəbbət qazanıb. Vətənin azadlığı naminə canlarından keçməyi bacaran mərd oğullar tərbiyə edib böyüdən şəhid analarının əllərindən öpürəm!
Azərbaycan xalqı qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı elə bir gün olmadı ki, Azərbaycan Ordusu hansısa bir cəbhədə müvəqqəti də olsa geri çəkilsin. Bu, müharibələr tarixində görünməmiş bir hadisədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz daim irəli getdilər, yağı düşmənin başını əzdilər. Düşmənin canlı qüvvəsi və çox sayda texnikası məhv edildi. İşğalçı Ermənistan açıq döyüşlərdə də, diplomatiya cəbhəsində layiqli cavabını aldı. Bununla da, Azərbaycan xalqı onun torpağına xor baxanlardan öz qisasını aldı. Düşmənlərimiz bu dərsi heç vaxt unutmamalıdır. Unutsalar, yenə layiqli cəzalarını alacaqlar.
İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ədalətli müharibə aparırdı. İşğalçı Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq, xalqımızın mərd övladları ana Vətən, doğma torpaq uğrunda ölüm-dirim savaşı apararaq, dünyanın hərb tarixində bir-birindən şanlı qəhrəmanlıq səhifələri yazdılar. Xüsusilə Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı olan Şuşanın alınması zamanı Azərbaycan əsgərinin göstərdiyi qeyri-adi şücaətlər bütün dünyanı heyrətə gətirib.
Bəli, biz bu gün tariximizin ən şanlı günlərini yaşayırıq. Biz hamımız əl-ələ verərək bundan sonra da xalqımızın, dövlətimizin inkişaf və tərəqqisinə çalışmalıyıq. Elə etməliyik ki, Azərbaycanın şanı-şöhrəti heç zaman azalmasın, əksinə, daha da artsın! İnşallah, belə də olacaq!
Sərraf ORUCOV,
Beynəlmiləl Əlil Döyüşçülər Fondunun prezidenti