Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatı

16-20 Noyabr 2020-ci il tarixlərdə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 18-ci illik konfransı keçirilir. COVİD 19 pandemiyası səbəbindən bu ilki konfrans hibrid şəkildə – az sayda nümayəndə konfrans zalında, digər iştirakçılar isə videoformat şəkilində konfransda iştirak edəcəklər.

Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Landmine Monitor Report 2020 hesabatını ictimaiyyətə təqdim edir. Bu Hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 22-ci illik hesabatdır.

Hesabatda bildirilir ki, bu Konvensiyanın imzalanmasından keçən 23 il ərzində dünyanın 80% ölkəsi yəni 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olmuşdur. 33 dövlət o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.

Artıq 5-ci ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və hesabat dövründə 5554 nəfər qeydə alınmışdır. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı 43% uşaqlardır.

Hesabat dövründə yalnız bir ölkənin – Myammarın hökümət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınmışdır. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır. (100 km–dən çox).

45 donor tərəfindən beynəlxalq səviyyədə 650,7 milyon ABŞ dolları  minalarla mübarizə proqramlarına sərf olunub. Ümumilikdə keçən hesabat dövrü ilə müqayisədə 7% azalma qeydə alınıb.

Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 156 kmərazi minalardan təmizlənib. 123000 ədəd piyada əleyhinə mina tapılaraq məhv edilib. Ərazisinin minalardan tam azad elan edən ölkələrin sayı 31 -ə çatıb.

Hesabat dövründə 269 000 ədəd mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Hesabatda bildirilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmamışdır. Rəsmi olaraq bildirilmişdir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını dayandırmışdır.  Bu səbəbdən də Azərbaycan Respublikası  yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir.  Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və  hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.

Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Mina ehtiyatı sovet dövründən qalmadır, Rəsmi şəxslər bildirmişlər ki, 1994-cü ilədən  konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

Hesabat dövrünün sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası

İctimai Birliyinin sədri