Korrupsiya cəmiyyəti inkişaf, dövləti iqtisadi gücündən məhrum edir

Korrupsiya ölkə iqtisadiyyatının sürətli inkişaf dinamikasına mənfi təsir göstərməklə, cəmiyyətdə sosial fərqliliyin dərinləşməsinə də səbəb yaradır. Korrupsiyanın əsas məqsədi qanunsuz əlavə mənfəət əldə etməkdir. Korrupsiya anlayışına daha dəqiq elmi tərif verməli olsaq, o, “vəzifəli şəxs tərəfindən statusu və ya ondan yaranan imkanları başqalarının mənafeyi naminə şəxsi mənfəət əldə etmək məqsədi ilə qanunsuz istifadə etməkdir”.

Məhz bu səbəbdəndir ki, ölkə prezidenti dəfələrlə çıxışlarında hər bir dövlət məmuruna xəbərdarlıq edərək vurğulamışdır: “ölkəmizdə korrupsiya və rüşvətxorluqla məşğul olan hər kəs cəzalandırılacaqdır”. Bəli, korrupsiyanın qarşısının alınması istiqamətində bu gün görülən işlər göz qabağındadır və bunu heç kim dana bilməz. Bu mübarizə dövlət siyasətində başlıca yerlərdən birini təşkil edir və birbaşa ölkə prezidenti İlham Əliyevin nəzarətindədir. Son dövrlərin göstəricilərinə nəzər salsaq bu sahədə irəliləyişin də olduğunu görərik. Elə təkcə ASAN xidmət mərkəzlərinin ölkə ərazisində fəaliyyətini vurğulamaq olar ki, bu sahədə halların qarşısının alınması istiqamətində atılan ən inamlı addımlardan biridir.

Düzdür, real vəziyyəti qiymətləndirmək üçün apardığımız araşdırmalar və müşahidə korrupsiya hallarının azaldığını göstərsə də, mövcudluğunu sonlandırmayıb. Çox təəssüf ki, bu sahədə hələ görüləcək işlər az deyil. Öz vəzifəsindən yararlanaraq vətəndaşların hüquqlarını pozan və ya qanuni şəkildə irəli sürdüyü tələbi rədd edən məmurlar dövlət siyasətinə qarşı çıxaraq əməllərini qorxmadan davam etməkdədirlər.

Başqa bir məsələ isə fərdi olaraq insanların münasibətidir. Cəmiyyətimizdə bir çoxlarının korrupsiya və rüşvətxorluğun qarşının alınmasında yalnız hüquq-mühafizə orqanlarının rolu olduğu barədə fikirlərin olması zənnimcə yalnışdır. Əlbəttə ki, bu sahədə birmənalı olaraq əsas vəzifə hüquq-mühafizə orqanları və hökumətin müvafiq strukturlarının üzərinə düşür. Lakin korrupsiya hallarının yaranmasına qarşı vətəndaşlar (vəzifəsindən, sosial statusundan asılı olmayaraq) da öz səsini (söhbət vicdan səsindən gedir) yüksəltməlidirlər. Hər bir vicdanlı vətəndaş buna kömək etməlidir. Təsadüfi deyil ki, ən çox rastlaşdığımız hallardan biri də vətəndaşın öz hüquqlarını tam bilməməsi və ya müraciət etməkdən çəkinməsidir. Düşünürəm ki, hər bir vətəndaş ona dövlət tərəfindən verilən hüquqlardan istifadə etməyə çəkinməməlidir. Dövlətin isə Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilikdə qeyd eildiyi kimi ən başlıca vəzifəsi vətəndaşının hüquqlarını müdafiə etməkdir.

Bu məsələnin digər və ən önəmli tərəfi isə təbii ki, mənəvi tərəfidir. Mənəvi baxımdan zəngin olan insan nə korrupsiya hallarının yaranmasına imkan yaradar, nə də hər hansı bir başqa adla (hörmət, şirinlik) rüşvət verər. Bu gün rüşvət verərək hər hansı işini tezləşdirmək niyyəti güdən insanlar həm korrupsiya hallarının geniş yayılmasına şərait yaradır, həm də özündən sonra eyni məsələ ilə bağlı müraciət edən vətəndaşı çətin vəziyyətdə qoyur. Burada daim maarifləndirmə işi aparılmalıdır. Bu sahədə əsas iş vicdanlı, vətənini sevən, cəmiyyətinin, xalqının gələcəyinə biganə qalmayan KİV-lərin və vətəndaş cəmiyyəti nümayəndələrinin üzərinə düşür.

 

Elvin Talışınski

siyasi elmlər üzrə fəlsəfə doktoru