Son günlərdə, daha dəqiq avqust ayından etibarən Ermənistan hökumətinin təsdiq etdiyi yeni proqrama əsasən Livandan Dağlıq Qarabağa ermənilərin kütləvi köçürülməsinin yeni dalğasına başlanılıb. Beyrutdakı partlayışdan sonra ermənilər böyük ziyan gördüklərini iddia edərək, Livan Erməni İnqilab Federasiyası “Daşnaksütyun” gənclər təşkilatı tərəfindən Livan ermənilərinin Qarabağa köçürülməsi üçün planlar hazırlandı. Bu gün bu istiqamətdə aktiv işlər aparılır.
Xatırladım ki, bundan əvvəl də Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək, Suriya ermənilərinin bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüşdü. Əslində Ermənistan bu addımı ilə heç də geri çəkilmək niyyətinin olmadığını növbəti dəfə açıq şəkildə bəyan etdi. Bu, mənfur erməni daşnaklarının işğalçı siyasətinin bir parçasıdır. Bununla Erməni tərəfi öz ermənilərini Dağlıq Qarabağa yerləşdirməklə boş qalmış bölgənin əhalisini artırmağa çalışır, davamlı olaraq erməniləşdirməyə məruz qoyur. Dünya birliyinin bu vəziyyətə reaksiyasının necə olacağına heç şübhə də yoxdur. Onsuz da bu məsələdə ölkəmizə qarşı ikili standartların mövcudluğu hamıya məlumdur. İllərdir ölkəmizin məsələnin sülh yolu ilə həlli istiqamətində apardığı danışıqların nəticəsiz qalmasının bir səbəbi də məhz budur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı 10 minlərlə günahsız dinc əhalinin amansızcasına qətlə yetirilməsi, 1 milyon insanın öz yurdlarından çıxarılması faktı bir daha Ermənistanın işğalçı dövlət olduğunu sübut etmişdir. Ermənistan bir şeyi unutmamalıdır ki, Dağlıq Qarabağ ərazisi hüquqi baxımdan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan Respublikasının torpaqlarıdır. Bu arada elə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə livanlı muzdlu döyüşçülərinin də fəal iştirak etməsi barədə bir çox faktlar olub.