“Təəssüflər olsun ki, son günlər karantin rejiminin hələ də qüvvədə olmasına baxmayaraq insanların sağlamlığını riskə ataraq kütləvi yığıncaqlar, toy və digər şənlik məclisləri keçirənlər olur. Bu cür sosial məsuliyyətdən uzaq şəxslər cəmiyyətimiz tərəfindən qınanmalı, dövlətin qoyduğu qanun və qaydalara riayət edilməlidir”.
Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli QHT Forumunun regional məsələlər üzrə vitse-prezidenti Qalib Nəbiyev deyib.
Onun sözlərinə görə dövlətimiz xeyli müddətdir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq edib ki, hazırda bu istiqamətdə olan bəzi yumşalmalar kimlərəsə məsuliyyət hissini itirməyə rəvac verə bilməz: “Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdi. Amma bu yumşalmalar fərqli istiqamətdə fərqli sahələrə aid idi ki, burada toy-nişan və s. kimi kütləvi məclislərin təşkili yer almamışdı. Yəni koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.
Görünür kimlərsə, Azərbaycanın hüquqi dövlət olmasını, ölkəmizdə qanunun aliliyinin təmin edilməsini unudub və ona qayda və qanunların tətbiq edilməyəcəyi düşüncəsindədir. Amma bu qətiyyən belə ola bilməz, heç kim qanundan üstün də olmayacaq. Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu səbəbdən də qaydaları pozanlar qanunla cəzalandırılırlar.
Mətbuatdan da izləyirik ki, bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Amma təəssüflər ki, bəzən bu məsuliyyətsiz davrananlar sırasında bəzi vəzifəli şəxslər də yer alır. Bu günlərdə bəzi məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar da yayıldı ki, bu da cəmiyyətin ciddi hiddətinə səbəb oldu və bu əməllər insanların qınağına məruz qaldı”.
Prezidentin ölkədə qanunun aliliyinin qarantı olduğunu deyən Qalib Nəbiyev hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyinin ali iradənin tələbi olduğunu bildirib.
Onun sözlərinə görə, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz: “Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və əminəm ki, qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir. Hər kəs onu da bilməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq”.
Onun sözlərinə görə, koronavirusla mübarizə ümummilli məsələ olduğu üçün heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz: “Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar”.