XIYABAN…  İNTİQAM… DURNA HARAYI…

Nə qədər ki, ulu Vətən dardadır,

Torpağında at oynadır yağılar.

Şəhid ruhlar durnalara dönərək,

Haray çəkər, intiqama çağırar !!!

 

Qazax çəhəri.  Çaylı kəndinin “Şəhidlər xiyabanı” nda   dayanıb dərin xəyala dalmışdım…

… Həzin bir musiqi sədası xəyallarımı pərən-pərən saldı. Kimsə sazın tellərində  “Yanıq  Kərəmi” dilə gətirmişdi.  Bu ecazkar musiqi  ovqatımla pərdə-pərdə gah enir, gah da ucalırdı.

İlahi bu nə səs, bu nə səda, bu necə bir  musiqidir. Kərəm odlanır, yanır, Kərəm imdada çağırırdı.Tellər işlədikcə sızlayır,  Kərəmi daha da alışdırır, daha da yandırırdı öz odunda…

Bir anlığa özümü unutmuşdum. Özgə, sehirli bir aləmdə idim. İnləyən Kərəm deyildi, sızıldayan sarı tellər, bir də qəribsəmiş musiqinin alışan ürəyi idi.

Bu ürək iniləyirdi. Sahibini itirmiş obalarımız, yurdlarımız, bir də müqəddəs torpaq üçün inləyirdi . Simlərdən musiqi səsi yox, əzizlərini  itirmiş anaların göz yaşları idi axan.

Simlərdə  gəzən barmaqlar başqa bir aləmdə idi. “Yanıq Kərəm”ini dilləndirən barmaqlar artıq ixtiyarsız  “Misri” yə keçmişdi.  Dirilmişdi Kərəm. Nankor qonşularımızın namərdliyini , torpaqlarımızın od tutub yandığını, ana bacıların namusunun tapdanmağını görüb…

Əslinin vüsalına yetmədiyinə sevinirdi. Əslilili məhəbbətini nifrət içində boğurdu Kərəm.

… Bir anlığa əlinə silah götürüb Azərbaycanın qeyrətli oğullarını intiqama  çağırırdı.

Xəyalım çaşmışdı. Düşüncələrim mübarizə aparırdı. Ətrafımda elə bil şəhid ruhların hənirtisini hiss edirdim. Anlayırdım ki,  onların gücləri, imkanları olsaydı  elə bu dəqiqə…

Onların mənə yaxınlaşaraq, söhbər etmək istədiklərini duyurdum. Onları qabaqlayıb dərhal  salam verdim.  Hamı elə bu sözə bənd imiş kimi –Salam –deyə cavab verdilər.

  • Niyə belə narahatsız?
  • Necə narahat olmayaq. Qarı düşmən Vətən torpağında at oynadır.   Qız gəlinlərin örşə çəkilmiş ah – nalələri bizi rahat yatmağa qoymur axı, bacı !
  • İqbal, bacı qurban, bu sənsən ? Sadıq, Elşad siz də burdasız, yenə bir yerdəsiz ?
  • Sahib, övladların hər dəfə əskər görəndə çölə qaçırlar, -atam gəldi- deyə.
  • Mən də darıxmışam, özü də çox darıxmışam  onlar  üçün. Amma, nə edə bilərəm !?.
  • Adil yadındamı, bir dəfə döyüşdən sonra evə gətirdiyin o “Paşa” otu? Anana  –  ”ay ana,  bir çay dəmlə, içək. Bu torpağın çiçəyi də dərmandır , havası da –dedin  Dediyin o sözlər  gözüyaşlı ananın  çıxmır  yadından.
  • Heç çıxmayacaq da , bacım ! Axı, oğulun anaya gətirdiyi pay…
  • Xaqani, gözümün işığı…

Söhbətimiz çox təsirli olduğundan, hələ də özümə gələ bilmirdim.

Yaxşı ki,taleyinə şəhidlik yazılmışları hamıdan üstün  tutdu allah. Yaxşı ki, torpaq uğrunda bağrı qan olanların, şəhidlərin yeri allahın dərgahındadır. Onlar hamıdan ucadır, ölməzdir.

… Xəyal məni çox-çox uzaqlara aparmışdı.  Sanki  gerşəkliklə röya arasındakı fırtına dənizində üzürdüm…  Dalğalar  arasında gah batır, gah da görünürdüm. Bütün varlığım  kükrəyərək şahə qalxan  dalğalara təslim olmuşdu. Gahil isə ümmana çevrilmişdi.

Qəflətən eşitdiyim qaqqıltı səsi sanki əbədi sandığım  yuxudan ayıltdı məni.  Səf-səf düzülmüş durna qatarı haray salmışdı göy üzünə. Elə bil  onlar da mənimlə həmfikir idilər.

Torpaqlarda dolaşan ruhların intiqama çağıran durna səsləri fəryad qoparırdı.

Bu haray, bu fəryad, bu intiqam, bu cihad külli-aləmi lərzəyə gətirirdi : – ayağa qalxın,  vətən övladları, ayağa qalxın. Artıq zaman yetişib…

Dunyaxeber.com

Yazıçı-jurnalist

Firuzə  Bəyməmmədqızı