Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərinə, vətəninə, mənəvi-əxlaqi keyfiyyətlərinə bağlı bir xalqdır. Vətənə sevgi və bağlılıq bu xalqın genetik kodundan qaynaqlanır. Azərbaycan xalqı hər zaman öz igid oğulları, vətənini canı bahasına qoruyan şəhidləri ilə seçilmişdir. Şəhidlik, şəhadətə meyl bu xalqın kökündə mövcuddur. Şəhidlik son damla qanına qədər vətən, xalq, millət və dövlət uğurdan vuruşaraq şəhadət şərbətini içməkdir. Bu meyl etmə Azərbaycan xalqının müsəlman olması ilə də əlaqəlidir. İslam dini də şəhidlərin məqamını uca tutmuş, hətta cəmiyyətin onların diri olduqlarını, ölü zənn etməmələrini vurğulayır. Şəhidlik ən uca məqamdır ki, insan o zirvəyə ucalaraq öz qanını hədər yerə deyil, müqəddəs bir yol üzərində verir. Bunun üçün də İslam böyükləri bildirmişlər ki, şəhid qanını tökmür, verir. Çünki şəhidlər cəmiyyətin güc mənbəyidir. Xüsusilə zəifləmiş cəmiyyətlərin donoru şəhadət şərbətini içmiş insanlardır. Şəhidlərin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır. Bunun əyani sübutunu Azərbaycan xalqı yaxın keçmişdə müşahidə etdi.
Son günlərdə Ermənistanla Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan xalqı, dövləti üçün canlarından keçən şəhidlərimiz bunu əyani olaraq bir daha sübuta yetirdilər. Çünki, heç bir qüvvə minlərlə insanı Azadlıq meydanına, eləcə də Şəhidlər xiyabanına gətirə bilməzdi. Bəs nə idi bu qədər insanın küçələrə axışaraq “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz! Vətən bölünməz!” şüarlarını dillərinə gətirən?! Yalnız və yalnız bir qüvvə ola bilərdi. O da şəhidlər. Onların qanlarının həmin o minlərlə insanın damarına axması idi. Baxın, budur şəhidlik! Budur şəhidin cəmiyyətə verdiyi güc. Bununla da Azərbaycan xalqı düşmənin üzünə bir şillə vuraraq öz dövlətinin ətrafında birləşdiyini nümayiş etdirdi. Xalqımız bir daha öz vəhdətini, sevgisini göstərdi. İslam dinin də buyurduğu kimi hamılıqla Hamısıahın ipindən tutundular. Təəssüf ki, düşmən öz hiyləgərliyini arxa cəbhədə də işə salmaq istədi. Bu vəhdəti, birliyi pozmaq üçün öz muzdurlarını xalqın içində gizlədərək pərakəndəlik yaratmaq istədi. Amma bu mənfur istəyinə ön cəbhədə çata bilmədiyi kimi, arxa cəbhədə də yetişə bilmədi. Çünki bu birlik və həmrəylik əsrlər boyu formalaşmış, xalqımızın canından, qanından gələn bir dəyərdir. Bu dəyərləri heç kim, heç bir vaxt sarsıda bilməyəcək.
Bir məsələni də vurğulamaq yerinə düşərdi. Biz tarixə nəzər saldıqda görürük ki, Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurma olmamışdır. Son baş vermiş hadisələr zamanı düşmən ovcuna su tökən dırnaqarası vətənpərvərlər bu sabitliyi pozaraq dini şüarlar səsləndirərək dindar cəmiyyətə qarşı qıcıq yaratmışlar. Ancaq həmin o insanları müşahidə etdikdə açıq-aydın görünür ki, həmin o insanların söylədikləri şüarlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bu hərəkətlər bir provokasiyadır. Məhz bu səbəbdən biz, Azərbaycanda milli, dini, mənəvi dəyərlərin təbliği istiqamətində işlər görən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi olaraq dindar qardaş və bacılarımıza səslənir, onları vəhdətə, birliyə səsləyirik. Əziz qardaş və bacılarım, bu cür hiyləgər planların bir hissəsinə çevrilməyin. Çünki istər dindar və yaxud da qeyri-dindar biz hər birimiz azərbaycanlıyıq. Bunun üçün də bir yumruq kimi ordumuzun və dövlətimizin ətrafında birləşməliyik.
Sonda Uca Rəbbimizdən şəhidlərimizə rəhmət diləyirəm. Hamısıah-Təala aldıqlarının müqabilində xeyirli mükafatlar nəsib etsin. Amin!
QORXMAZ PAŞAYEV
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini, ilahiyyatçı