Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyanatı

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyanatı

Ermənistan hökuməti tərəfindən Azərbaycan Respublikasının ərazilərinə yeni hərbi təcavüzü haqqında

 

Hörmətli həmvətənlər!

Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları!

 

Çoxlu yerli və xarici xəbər agentliklərinin yaydığı xəbərlərə əsasən, bazar günü 12 iyul 2020-ci il tarixində, Ermənistanın təcavüzkar hökumətinin silahlı qüvvələri Azərbaycanın “Tovuz” Rayonu bölgəsində növbəti dəfə Azərbaycan Respublikası ərazisinə yeni təcavüz göstəriblər. Düşmənin bu təcavüzu Azərbaycan ordusunun hərbi birləşmələrinin əks əməliyyatı ilə zərərləşdirilib. Lakin pərakəndə qarşıdurmalar hələ də davam edir.

Toqquşma zamanı hər iki tərəf itki verib. Bizim Azərbaycanlı qardaşlarımızdan yaşlı bir mülki şəxs, bir neçə əsgər və yüksək rütbəli zabitlər, o cümlədən bir ordu generalı, cəmi 12 nəfər,  Azərbaycan torpaqlarını müdafiə edərkən qəhrəmancasına  şəhid olublar.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar Azərbaycan Respublikası və Ermənistan arasında münaqişələr Sovet İttifaqının son illərində yaranmışdır. Sovet İttifaqının dağılmasından sonra, dərhal bu münaqişə Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində iki tərəfin qüvvələri arasında geniş miqyaslı müharibəyə çevrildi.

Qabaqcadan təcavüzlərə hazırlaşan Ermənistan hökuməti Sovet İttifaqının dağılmasından sonrakı hərcmərcçilik şəraitindən və Azərbaycan Respublikası müstəqilliyin formalaşmasının ilk illərindən sui istifadə edərkən, qəflətən  hücumlara başlayıb Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal edə bildi və bu ərazidə yaşayan vətəndaşları öz ev obasından qovdu.

Bu vəhşi əməliyyatlarda minlərlə əsgər və mülki şəxs, kişi və qadın, qoca və gənc və uşaq rəhmsiz öldürüldü, minlərlə insan yaralandı və şikəst edildi, Dağlıq Qarabağdan başqa, qonşu 7 Rayon Ermənistan hökuməti tərəfindən işğal edildi və bir milyona yaxın insan öz doğma ev obasından qovulub didərgin düşdülər.

Nəhayət, 1993-cü ildə Rusiya, Avropa ölkələri və ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs quruldu.

Belarus Respublikasının paytaxtı Minskdə, bu ölkələrin və münaqişə tərəflərinin nümayəndələrinin iştirakı ilə böyük Konfrans keçirilirdi. Rusiya, Fransa və ABŞ-dan bir işçi qrup nümayəndə təyin edildi ki, siyasi danışıqlar yolu ilə hər iki tərəfi razı salan bir şəkildə münaqişəyə xitam verilib sülh bərqərar olunsun.

Sonra İki ölkə arasındakı mübahisələr və Ermənistanın ərazi iddiaları BMT-də müzakirə edildi. BMT qətnamələrində Ermənistan hökuməti təcavüzkar kimi tanındı, işğal olunan torpaqlar və Dağlıq Qarabağ Azərbaycan torpaqları kimi elan edildi, Ermənistan hökumətindən istənildi ki işğal altındakı torpaqları boşaldıb və Azərbaycan hökumətinə təhvil verilsin. Həmçinin Azərbaycan hökumətindən istənildi ki Dağlıq Qarabağda yaşayan azsaylı erməni vətəndaşların hüquqlarına hörmət edilsin və yerli işlərdə onların muxtariyyəti təmin olunsun.

Təəssüf ki, Azərbaycan hökuməti tərəfindən Dağlıq Qarabağda yaşayan azsaylı erməni vətəndaşların hüquqlarını və onların muxtariyyətini ən yüksək səviyyədə təmin etməyə hazır olduğuna baxmayaraq, Minsk İşçi Qrupunun tərəflərlə danışıqları indiyədək  yekunlaşmayıb.

Bu 27 il müddətində, tərəflər arasındakı rəsmi atəşkəs vəziyyətinin olmasına baxmayaraq, Ermənistan hökumətinin hərbi qüvvələri  dəfələrlə cəbhə xəttində atəşkəsi pozublar, hər dəfə də Azərbaycan ordusunun qətiyyətli cavabı ilə qarşılanıblar.

Lakin bu dəfə Dağlıq Qarabağ cəbhə xəttindən yüzlərlə kilometr uzaqda olan 2 olkənin rəsmi sərhədindən, Gəncə ilə Gürcüstan sərhədi arasındakı Tovuz rayonunda, Ermənistan hökumət qüvvələri bu uğursuz təcavüza təşəbbüs göstəriblər..!

Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin yeni təcavüzü üçün bu məntəqəni seçilməsinin səbəbi odur ki Azərbaycan neft və qaz kəmərləri məhz bu ərazidən Gürcüstan, Türkiyə və Avropaya keçir. Bu yer Azərbaycan və digər ölkələr üçün strateji əhəmiyyətə malik olan bir yerdir.

Bu şərhçilərin fikrincə, əgər Ermənistan hökuməti bu bölgəni işğal edə bilsəydi, eyni zamanda həm Azərbaycanın neft və qaz ixracında ciddi problemlər yarada bilərdi, həmdə ki şübhəsiz digər maraqlı ölkələr açıq və ya gizli şəkildə bu mücadiləyə ilişməli olardılar.

Əgər nüfuzlu beynəlxalq assambleyalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Minsk İşçi Qrupu və bölgənin güclü ölkələri bölgədə yeni bir dağıdıcı müharibənin başlamasını istəmirsə, gərək ki dinc və siyasi şəkildə Ermənistan hökumətini Azərbaycan ərazisini tərk etmək və onun ərazi bütövlüyünə hörmət etməyə məcbur etsinlər.

Əks təqdirdə, Azərbaycan xalqının və hökumətinin keçmişdəki kimi öz haqlı hüquqlarından məhrum olduğu bir vəziyyətdə, Azərbaycan xalqı və hökuməti öz vətənlərini öz ev obasından şərəflə müdafiə etməkdə və işğal olunmuş əraziləri azad etməkdə günahlandıra bilməzlər.

Azərbaycan Demokrat Firqəsi həməşə Ermənistan hökumətinin Azərbaycan Respublikası ərazisinə etdiyi təcavüzləri pisləyib və hər zaman Azərbaycan Respublikasındakı azərbaycanlı bacı və qardaşlarının yanında olub və olacaqdır.

 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

16 iyul 2020