Çinin Uhan şəhərində başlayan və qısa müddət ərzində bütün dünyaya yayılan koronavirus epidemiyası ilə mübarizə hələ də davam etməkdədir. Bütün ölkələr və şəhərlər təcrid olunaraq bir-birilərinə öz qapılarını bağlasalar da məlum virus yenə də dünyaya, bəşər övladına meydan oxumaqdadır. Dünyamız artıq ortaq bir düşmənlə üz-üzədir.
Son aylar ərzində gördüyümüz odur ki, COVID-19 pandemiyası ilə mübarizədə hər bir dövlətin öz yanaşması və fəaliyyət metodu mövcuddur. Şübhəsiz ki, hazırki dövrdə hər bir dövlətdə hökumət tərəfindən vətəndaşlaın sağlamlıqlarının qorunması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Hər bir dövlət üçün bu sınaq gözlənilməz olduğu qədər də, cəmiyyətin bir çox sahələrinə, ilk növbədə səhiyyə sisteminə güclü zərbə oldu. Bu baxımdan ölkələr xüsusi diqqəti səhiyyə strategiyasının təkmilləşdirilməsinə ayırırlar.
Güclü və sabit iqtisadiyyatı ilə regionun lider dövləti olan Azərbaycanda koronavirus pandemiyası dalğasından əvvəl həyata keçirilən uzaqgörən islahatların nəticəsidir ki, bu gün dövlətimiz hər bir vətəndaşı üçün sağlam mübarizə aparır. Bu tədbirlər sırasında dövlət orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqini, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron informasiya sisteminin yaradılmasını, mobil operatorların fəaliyyətinin təkmilləşdirilməsini və s. qeyd etmək olar. Bir çox cəhətdən məhz bu hazırlıq respublikamızın koronavirusla mübarizədə nümayiş etdirdiyi müsbət və inamlı nəticələrin açarı oldu.
Bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hüsabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planı həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verilir. Elə dövlət başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və müvafiq qabaqlayıcı qərarların qəbul edilməsi nəticəsində kütləvi infeksiyanın yayılmasının qarşısı alındı.
Bundan sonrakı mərhələdə Azərbaycan Respublikası Prezidenti İlahm Əliyevin təşəbbüsü ilə gün ərzində yüz minlərlə tibbi maskalar istehsal edən müəssisə açıldı ki, əhalinin ölkədə qoruyucu, dezinfeksiyaedici məhsullara olan tələbatı demək olar ki, tamamilə ödənildi. Bununla da pandemiya dövründə bu məhsulların xarici idxaldan asılılığı minimuma endirildi. Pandemiya ilə mübarizədə vacib bir addım da lazımi müasir avadanlıqla təchiz edilmiş yeni modul tipli xəstəxanaların açılışı oldu. Bu, ölkəmizdə COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizədə son dərəcə vacib məsələdir. Burada əsas məqsəd koronavirusa yoluxmuş vətəndaşlara əsas tibbi xidmət göstərilməsi üçün vahid idarəetmə və texniki koordinasiyanı təmin etməkdir.
Bu çətin dövrdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin də istər maarifləndirici tədbirlərin (sosial çarx, videoçağırış və s.) həyata keçirilməsi, istər həssas vətəndaş qruplarına müxtəlif birdəfəlik tibbi və ərzaq yardımlarının göstərilməsi bir daha Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının dövlətin yürütdüyü siyasətə dəstək olduğunu nümayiş etdirdi.
Ölkəmizdə bütün qüvvə və mənbələr vətəndaşların sağlamlığına və həyatlarının bu virusdan qorunmağına yönəldilmişdir. Burada hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu bəladan birlikdə çıxmaq üçün həmişəkindən daha çox həmrəyliyə, ümidı və siyasi iradəyə ehtiyacımız var. Bu gün vətəndaşlarımızın etməli olduğu tək bir şey var – karantin rejiminin tələblərinə ciddi əməl edərək, tibbi maskalardan istifadə etmək, ictimai yerlərdə məsafə saxlamaq, sanitariya və gigiyenaya diqqət yetirmək və səbirli olmaq.
Belə bir vəziyyətdə hər kəs ehtiyatlı və məsuliyyətli olmalıdır. “Biz birlikdə güclüyük” şüarı ölkənin bütün vətəndaşlarının vəhdətini açıq şəkildə nümayiş etdirir, çətinliklərin yalnız birgə səylərlə aradan qaldırılacağını göstərir.
Elvin Talışınski
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması
ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru