QHT-LƏRIN BANK ƏMƏLIYYATLARI, QRANT MÜQAVILƏLƏRI ELEKTRON FORMADA OLACAQ

Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-lərin bank əməliyyatları ilə bağlı bir sıra qaydalar dəyişir.
Dunyaxeber.com-un  xəbərinə görə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iyunun 23-də keçiriləcək növbədənkənar sessiyanın 5-ci iclasında müzakirəyə çıxarılacaq.

Təklif edilən dəyişikliklər bunlardır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” haqqında qanuna əlavə edilməsi təklif olunan 9-2-3-cü maddəyə əsasən. QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydiyyata alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçiriləcək. Təklif olunan 9-2-4-cü maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətlərində həmin sistem vasitəsi ilə əldə edilən sənədlərdə istifadə edəcəklər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud elektron qaydada təqdim oluna bilər.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan 162.2-1-ci maddə QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsi ilə dövlət qeydiyyatının həyata keçirilməsini nəzərdə tutur.

Təklif olunan 16.2-2-ci maddəyə görə, QHT-lərin bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsi ilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud elektron qaydada istifadə ediləcək.

Maddə 24-3. Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınması və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması nəzərdə tutulur.

QHT-lər qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələr hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasını və qəbul etdiyi ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyat keçirmək üçün müraciət edə bilərlər.

“Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa təklfi edilən yeni maddələr təsis sənədləri ilə bağlı qeydiyyat və digər müraciətlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədi daşıyır, müraciətlərin (qrant müqavilələri, ianələr üzrə məlumatların təqdim edilməsi və sairə) electron qaydada aparılmasının mümkünlüyünü müəyyən edir. Təklif edilən dəyişikliklərin digər ismi isə dövlət qeydiyyatının gücləndirilmiş electron imzadan istifadə etməklə electron məlumat sistemi vasitəsilə aparılmasını nəzərdə tutur.