Dünyada 2 mindən artıq parlamentarinin üzv olduğu Qlobal Vərəm əleyhinə Kokus və Sağlamlığa Xidmət İctimai birliyinin birgə təşkilatçılığı ilə “COVİD-19 pandemiyası dövründə vərəmlə mübarizə siyasəti” mövzusunda Milli Vərəm əleyhinə Kokusun və əsas maraqlı tərəflərin iştirakı ilə onlayn konfrans keçirildi.
Newscenter.az-a daxil olan məlumata görə, konfransda pandemiya və karantin dövründə vərəmlə mübarizə sahəsində yaranmış əsas çətinliklər, xəstələrin müalicə almasına əngəl yaradan sosial-iqtisadi problemlər müzakirə edilib, təkliflər səsləndirilib. Həmçinin, xəstəliyin müalicəsində fasilə yaranmaması üçün həyata keçirilən fəaliyyətlər barədə də məlumat verilib.
Bu çətin dövrdə gecə-gündüz demədən çalışan tibb bacıları 12 may Tibb bacıları günü ilə əlaqədar, konfrans iştirakçıları tərəfindən alqışlanıb.
Qeyd edək ki, konfransda Millət vəkilləri, Səhiyyə Nazirliyi Milli Vərəm proqramı və İSİM rəhbərliyi, ÜST Avropa və Bakı ofisi nümayəndələri ilə yanaşı vərəmlə mübarizə sahəsində aktiv iştirak edən Vərəm əleyhinə QHT Koalisiyası üzvləri də iştirak edirdilər. Konfrans müzakirələrlə davam edib.