Paşinyan Şuşa haqda hər şeyi etiraf etdi…

Şuşa – bu adın qarşısına hansı gözəl sözü yazsaq, yenə də ürəyimiz soyumur, rahat olmuruq. Elə bilirik, Şuşaya layiq olmadı, elə bilirik, Şuşanı lazımınca dəyərləndirə bilmədik.

Bakı bizim beyin, düşüncə paytaxtımızdırsa, Şuşa ürək, hissiyyat paytaxtımızdır.

Dil, əlbəttə ki, həm də təfəkkür tərzidir. Paşinyan deyib ki, Şuşa bədbəxt və boz şəhərdir.

Bunu oxuyanda dərhal yadıma düşdü ki, biz Şuşaya güldən ağır söz deməmişik. Şuşadan 28 il uzaq qaldıq, amma bu şəhərə elə həssas yanaşdıq ki, elə bildik, haqqında nəsə kobud söz desək, baş götürüb uzaq bir ölkəyə gedər. Ermənilər isə cəmi 10 gündür Şuşanı itiriblər, amma indidən “bədbəxt, boz şəhər” adlandırırlar. Onlar üçün bozdur, amma biz Şuşaya baxanda dünyanın bütün gözəl rənglərini görürük.

İşğaldan azad edilmiş yerlərdə çəkilmiş kadrlardan da gördük ki, ermənilər orada quruculuq işləri aparmayıblar, əksinə dağıdıblar. Çünki o torpaqları sevmirlər, ona ideologiya kimi yanaşırlar, əzik xalq komplekslərini ört-basdır eləmək üçün o torpaqlara sahib olmaq istəyirlər.

Bizim üçün isə işğaldan azad edilən torpaqlarımızın, xüsusən Şuşanın müqəddəsliyi o qədər dərindir ki, hətta dinsiz-imansız insanlarımız da orada namaz qılmağı, məbədi ziyarət etməyi başlıca amal kimi qəbul edir, bu arzu ilə yaşayırlar.

Diqqət edin: Azərbaycan əsgəri Şuşanı işğalçıdan təmizləyən kimi dərhal nə etdi? Məscidi təmizlədi, süpürdü. Ermənilər isə məscidlərdə donuz, kilsələrdə silah-sursat saxlayırlar.

Bu fakt belə ermənilərin Şuşaya sadəcə qala-şəhər kimi yanaşdıqlarını, müdafiə məqsədilə bu şəhərin əzəmətinə sığındıqlarını göstərir.

“Azərbaycan hərbçilərini güllə ilə vururduq, qanları axa-axa Şuşanın ətrafındakı qayalıqlardan şəhərə dırmaşırdılar”, – bunu erməni hərbçisi demişdi.

Dünyada belə bir təcrübə, belə bir ordu yoxdur. Açığı, bunu ifadə etməyə söz tapa bilmirəm. Bir anlıq Şuşanın coğrafiyasını, qayalıqlarını düşünün. Sonra da yaralı halda ora dırmaşan, şəhəri azad etmək üçün dayanmadan irəli getmək istəyən hərbçilərimizi gözünüzün önünə gətirin.

Heyrətamizdir!

Təkcə bu fakt belə ermənilərin yaratdıqları “azərbaycanlılar döyüşə bilmir” mifini darmadağın edir. Şuşanın azad edilməsi əməliyyatını, hərbçilərimizin buradakı qəhrəmanlıqlarını müxtəlif dillərə tərcümə edib dünya mediasında yaymaq lazımdır. Şuşanın azad edilməsi haqda film çəkmək zəruridir. Çünki bu, təkcə bir ərazinin yox, həm də böyük bir mədəniyyətin, elmi-dini-mistik bir mərkəzin azad edilməsi və öz əvvəlki mahiyyətinə qaytarılması əməliyyatı idi.

Şuşa haqqında, eləcə də işğaldan azad edilən digər rayonlarımız haqda çox danışmaq olar. Amma ermənilərə bunu başa salmaq lazımdır: Şuşanı sevməyən bir zehniyyətin Bakıya iddia etməsi və “dənizdən-dənizə böyük ermənistan” xülyası qurması erməni millətçiliyinin necə absurd dayaqlar üzərində qurulduğunun sübutlarından sadəcə biridir.

Ermənilər sevmədikləri torpaqlara sahib çıxmaq istəyirdilər. Amma bu, aksiomadır: sevmədiyin bir şeyə sahib olmaq bir gün sənin fəlakətinə çevrilir. Ermənilər bunu yaşadılar – labüd fəlakəti.