Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır – FOTOLAR

İllərdir paytaxt Bakının əsas problemlərindən biri də torpaqların qanunsuz zəbt olunması ilə bağlıdır. İşlək neft quyularının yaxınlığında, neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi problemə çevrilib. Sual yarana bilər ki, bəs vətəndaşlar bu ərazilərdə necə məskunlaşıb?

“Report” xəbər verir ki, vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarlarından biri neft sənayesinə aid boş torpaqları zəbt edən işbazlardır. Onlar öz səaliyyətlərindən sui-istifadə edən bəzi məmurlardan dəstək alırlar və neft ərazilərində gecəqondular tikərək satmaqla məşğul olurlar. Nəticədə minlərlə insanın həyatının təhlükəyə atılması hesabına kimlərsə, pul qazanır. Məsələ burasındadır ki, neft sənayesinə aid torpaqlarda radiasiya yüksək olur və bu cür ərazilərdə uzun müddət yaşamaq xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Bundan başqa, neft ərazilərindəki boru xəttlərində, neft quyularında güclü partlayışlar baş verə bilər. Yaşayış evləri ilə əhatə olunan bu cür ərazilərdə hər hansı təmir-bərpa işlərinin aparılması, xüsusi texnikaların işləməsi də xeyli çətinləşir.

Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır

Vətəndaşlar ilkin vaxtlarda bu cür ərazidə yaşamağın fəsadlarını dərk etmirlər. Lakin sonradan bir çoxları bu cür təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə məskunlaşdıqları üçün peşman olurlar. SOCAR-ın Təhülkəsizlik İdarəsi insanları mümkün qədər bu ərazilərdə məskunlaşmaqdan çəkindirməyə, onların təhlükəsizliyini təmin etməyə çalışır.

Müşahidələr onu göstərir ki, neft sənayesinə aid torpaqları zəbt edənlər özlərini daha çox yardıma möhtac, imkansız milli qəhrəman, müharibə veteranı, aciz biri kimi təqdim edirlər. Lakin bir müddət sonra həmin iddiaların saxta olduğu müəyyən olunur. Bu cür saxta qəhrəmanların hər biri müxtəlif bəhanələrlə zəbt etdiyi torpaqlarda 10-15 gecəqondu tikərək satıb. Oxşar vəziyyət hazırda Ramana qəsəbəsində müşahidə olunur.

Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır

Özünü imkansız, yardıma möhtac biri kimi təqdim edən Həsənov Asəf İbrahim oğlu 250 mm-lik Buzovna-Ramana neft kəmərinin mühafizə zonasında, xətdən təqribən 15 metr aralı məsafədə dəmir evcik (vaqon) yerləşdirərək burada ticarət fəaliyyəti ilə məşğul olacağını bildirir. Onun bu özbaşına hərəkəti qonşuluqda yaşayan sakinlərin və obyekt sahiblərinin də narazılığına səbəb olub. Çünki yol kənarına qanunsuz qoyulan vaqon qonşuların evlərinin və obyeklərinin önünü bağlayır.

Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır

Şikayətçi Rafiq Abbasov deyir ki, 2013 – cü ildə bu ərazidə torpaq alıb ev tikərkən indi vaqon qoyulan ərazini də hasara almaq istəyib. Lakin SOCAR əməkdaşları bu ərazinin neft kəmərinin mühafizə zonasına düşdüyünü bildirib və o qanuni tələbə tabe olaraq hasarı bir neçə metr geri çəkib: “Vaqon qoyulan yer zibillik idi. 2013-cü ildən mən həmin ərazini təmizləyib abadlaşdırmağa başladım. 50 yük maşını torpaq alıb həmin yerə tökdürdüm, ağaclar əkdim ki, evimin önü səliqəli olsun”.

Qonşular deyir ki, spirtli içki düşgünü olan Asəf Həsənov qardaşı Afətlə birlikdə gələcəkdə ətrafdakı bütün boş ərazini zəbt edib burada geniş obyekt inşa etdirməyi planlaşdırır.

Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır

Belə olan halda neft kəmərinin mühafizə zonasındakı boş torpaqların zəbt olunması həmin ərazidə geniş vüsət ala bilər. Çünki Asəf Həsənovun qanunsuz hərəkətinin cəzasız qalmasını görən başqa şəxslər də boş torpaq sahələrini zəbt edib tikinti işləri apara bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin komanda rəisi Tural Babayevin sözlərinə görə qanunsuz qoyulan vaqon onların işinə ciddi maneələr yaradır: “Bu vaqon neft kəmərlərinə aid olan Buzovna-Ramana xəttinin 10-cu kilometrliyində yerləşir. Qanunsuz qoyulub bura və bizə çətinliklər yaradır. Burada hər hansı bir qəza olsa, sızma, yanğın hadisəsi baş versə, bu ərazidə iş görmək, təmir-bərpa işlərinin aparılması xeyli çətinləşəcək. Biz vətəndaşa dəfələrlə müraciət edib demişik ki, bu vaqonu burdan götürsün. O isə bizi həmişə özünü öldürməklə, yandırmaqla hədələyib. Asəf Həsənovun bütün bu qanunsuz əməlləri barədə yerli hüquq mühafizə orqanlarına, icra hakimiyyətinə məlumat vermişik”.

Nəzarətsiz qalan Ramana qəsəbəsində işbazlar at oynadır

Mühafizəçilər və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən Asəf Həsənova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o vaqonun ərazidən kənarlaşdırılmasına müqavimət göstərir, üzərinə benzin tökərək özünü yandıracağını bildirir. Məsələ ilə bağlı Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsindən isə sadəcə o bildirildi ki, Asəf Həsənovun qanunsuz əməlləri diqqətdə saxlanılır.

Sözügedən əraziyə hansı rayonun cavabdehlik daşıması isə sual doğurur. Ramana qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov əraziyə Sabunçu yox, Xəzər rayonunun cavabdehlik daşıdığını bildirdi. Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ərəstun Əlisoy isə sözügedən inzibati ərazinin onlara məxsus olduğunu təsdiqlədi, lakin qoyulmuş vaqondan bixəbər olduqlarını qeyd etdi. Görünən odur ki, ərazi nəzarətsizdir və ya kimlərsə bilərəkdən bu cür vəziyyət yaradır. İşbazlar da bundan istifadə edib boş torpaq sahələrini zəbt edirlər. Məsələni diqqətdə saxlayacağıq.