Küveytin aparıcı KİV-lərində 28 may – Respublika Gününə həsr olunmuş məqalələr dərc edilib

Küveytin ərəb və ingilis dilli kütləvi informasiya vasitələrində 28 may – Respublika Gününə həsr edilmiş “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika”, “Azərbaycan Respublika Gününün 103-cü ildönümünü qeyd edir” başlıqları ilə bir neçə məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalələrdə öncə ADR-in yaranması və həyata keçirdiyi demokratik islahatlar barədə oxuculara məlumat verilib. Qeyd edilib ki, Müsəlman Şərqində ilk demokratik respublika olan ADR çoxpartiyalı parlamentə malik idi və hökumət parlament qarşısında məsuliyyət daşıyırdı. Parlamentdə Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri də təmsil olunurdu və 1919-cu ildə cümhuriyyət dövründə Azərbaycanda qadınlara kişilərlə bərabər seçki hüququ verilmişdi ki, bu addımı ilə Azərbaycan müsəlman dünyasında ilk və ümumiyyətlə dünyada ilk mütərəqqi dövlətlərdən biri kimi özünü sübut etmişdi.

Həmçinin ADR-in ərazisi barədə məlumat verilərək qeyd edilib ki, onun ərazisi 114 min kvadratkilometr idi, lakin 28 aprel 1920-ci ildə sovet ordusu tərəfindən işğal edildikdən və Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərbaycanın Göyçə və Zəngəzur mahalları, Naxçıvanın bir hissəsi sovet Ermənistanına verilib və gələcəkdə yeni separatizmə zəmin hazırlamaq məqsədilə Azərbaycanın ərazisində süni olaraq erməni əhalisinin kompakt yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Beləliklə Azərbaycanın ərazisi kiçilərək 86.6 min kvadratkilometr təşkil etmişdir.

Daha sonra bildirilib ki, 11 yanvar 1920-ci ildə Birinci Dünya müharibəsinin qalib dövlətləri tərəfindən yekdilliklə ADR-in müstəqilliyi “de fakto” tanınıb və cəmi 23 ay yaşamasına baxmayaraq ADR qonşu dövlətlərlə, o cümlədən bir neçə Avropa dövləti ilə diplomatik əlaqələr qura bilib.

Müstəqil Azərbaycan dövlətinin yaradılması məsələsinə toxunularaq qeyd edilib ki, 1991-ci ilin oktyabr ayında SSRİ-nin dağılması ilə ADR-in hüquqi varisi kimi müstəqil Azərbaycan Respublikası yaradılıb.

Yazılarda Azərbaycan Respublikasının müstəqillik atributları haqqında məlumat verilib və konstitusiyaya uyğun olaraq Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu vurğulanıb.

Eyni zamanda, Küveyt oxucularına bugünkü müstəqil Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı və son illər sürətlə inkişaf etməkdə olan turizm sektoru barədə də məlumatlar verilib.

Sonda bildirilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 3 tərəfli Bəyanatla Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və ətraf rayonları üzərində suverenliyi təmin edilmiş və gələcəkdə iki dövlət arasında kommunikasiya əlaqələrinin bərpa olunması nəzərdə tutulub.