Dövlətə məxsus avtomobillər satışa çıxarılır

Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 11 may tarixində təşkil ediləcək. Hərraca 26 dövlət əmlakı (nəqliyyat vasitələri) çıxarılacaq.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.