Sağlamlıq imkanları məhdud uşağın əlilliyi niyə kəsilib? – FOTO

Vətəndaş övladının əlilliyi kəsildiyi üçün narazıdır.

Bu barədə Oxu.Az-ın redaksiyasına Namiq Məmmədov şikayət ünvanlayıb.

Onun sözlərinə görə, övladı Mircəfər Məmmədzadənin sağlamlıq imkanları anadangəlmə məhduddur:

“2014-cü ildən əlillik təyin olunub. Dövlət tərəfindən ortopedik ayaqqabı, korsetlə təmin olunub, uşaq reabilitasiya müəssisələrində müalicələr alıb. Amma 2023-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyi dayandırılıb. Dəfələrlə get-gələ saldılar, amma əlillik bərpa edilmədi”.

Agentliyin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mircəfər Namiq oğlu Məmmədzadə ilə bağlı tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndərişdə (forma 88) onun əlilliyinin qiymətləndirilməsi üçün zəruri olan göstəricilər qeyd edilməyib:

“Bu səbəbdən M.Məmmədzadənin e-sistem üzərindən əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, o, ötən ilin sentyabr və dekabr, habelə bu ilin yanvar ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər üç əyani müayinə zamanı Mircəfər Məmmədzadənin hazırkı sağlamlıq vəziyyətində əlillik əlamətləri müşahidə edilmədiyindən ona əlillik təyinatı aparılmayıb”.

İlhamə Əbülfət

Mənbə