Diaspor fəalı olan azərbaycanlı alim qızıl viza ilə təltif edilib


Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis Sabrin Ali Azim tibb sahəsindəki xidmətlərinə görə BƏƏ-nin 10 illik qızıl vizası ilə təltif olunub. 

“City University College of Ajman” təhsil ocağındakı ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professor assistenti vəzifəsində çalışan Sabrin Ali Azim bildirib ki, BƏƏ dövlət başçısının bu ölkədə fəaliyyət göstərən və xüsusi istedadı ilə seçilən insanlara 10 illik qızıl vizanın verilməsinə dair qərarına əsasən bu təltifə layiq görülüb.

Qeyd edək ki, Sabrin Ali Azim 2016-cı ildən etibarən BƏƏ-də fəaliyyət göstərir. Azərbaycan və BƏƏ ali məktəbləri arasında tibb və təlim sektorunda təcrübə mübadiləsini nəzərdə tutan müqavilələrin bağlanması təşəbbüsü ilə çıxış edib.

Bu yaxınlarda Roma şəhərindəki “Catholic University of the Sacred Heart” Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ingilis dilində təlim keçib. Diaspor fəalı olan xanım soydaşımız “Azerbaijani Ladies Club” təşkilatının və Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının üzvüdür.

Source link