Kubra Məhərrəmova yazır…
Desələr ki, şirkətdə ən böyük nüfuz dairəsinə kim malikdir, düşünmədən katibə deyin. Çünki rəisin əhvalının pis və ya yaxşı olmasını, evdə dava edib-etməməsini, sevgilisinə hədiyyə göndərib-göndərməməsini katibə bilir.
Ancaq katibə bilir ki, bu gün rəisin qəbuluna düşmək olar, ya yox.
Ancaq katibə bilir ki, təyyarə biletini sifariş edən rəis səfərə ailəsiylə, yoxsa sevgilisi ilə gedəcək.
Ancaq katibə bilir ki, bir gün şirkətin hansısa şöbəsinə özü rəhbər gedəcək.
Sonra onun yerinə təzə katibə gələcək, o da həmin yolla karyerasında uğur qazanacaq.
Əslində dünyanın özü qədər qədim olan rəis-katibə münasibəti hər zaman gündəmdə olub. Hətta bəzi istedadlı və fərasətli katibələr rəisi halalca arvadından boşatdırıb özləri onlara ərə gediblər. Bir çoxları digər istiqamətlərdə uğur qazanıb. Amma və lakin bizdəki vəziyyət daha ağırdır. Belə ki, iki eşşəyin arpasını bölə bilməyən katibələr bir gün şöbə rəisi təyin olunur. O “şöbə rəis”ləri ki, istehsalat və ya xidmət sahəsindən anlayışı yoxdur. Amma ki, saç-dırnaq-kirpik qaynaq, dikdabanla da rəisin qapısını təpiklə açır.
Bu da cəhənnəmə.
Rəis bilər, keçmiş katibəsi bilər. Cəhənnəm olmayan isə odur ki, katibəlik məktəbindən başqa heç bir məktəb üzü görməyənlər başlayır digərlərinə ağıl verməyə. Məsələn, şirkətin aparıcı mütəxəssislərindən biri, çox zaman da xaricdə təhsil almış birinə deyir ki, sənin verdiyin hesabat düzgün deyil. Və ya PR və marketinq komandasına deyir ki, məhsulu belə reklam eləməzlər.
Mütləq kabinetdə, qəlyan çəkən yerdə SMM postu olmalıdır. Böyüründə də 101 dənə qızılgül.
Əslində yazığın gördüyü qəlyan və rəisin kabinetindən başqa bir şey olmadığı üçün şirkətin inkişaf yolunu da elə görür. Düşünür ki, tüstü-duman içində şirkət daha üst səviyyəyə qalxacaq. Və şirkətin rəisi də ona rəvac verəndə, qalırsan baxa-baxa. Deyirsən, katibə ol, amma bəxtin olsun. Elə bu sevgili-katibə haqqında düşünəndə keçən ilin ən səs-küylü sevgi hekayəsi yadıma düşdü. Orada da sevgili olan qadın vəzifəyə təyin olunmuş, başından böyük danışmış, sonra da öz ərizəsi ilə işdən çıxarılmışdı. Sonra da sevgili himayədarından ayrıldı. Söhbət basıb-bağlamaq üzrə dünya çempionu Şuşan Spepanyandan gedir. 44 günlük müharibə ərzində az qala erməni tanklarının Bakıya gəlib çatmasını erməni xalqına ərz edən Şuşanın da arxasında sevgilisi, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan durmuşdu. Vəzifə, maşın, ad-san. Axırda isə Şuşan qaçqın oldu, Artsrun da Şuşanı atdı. Sonra da eşitdik ki, Şuşan ərindən də boşanır. Görünür Şuşanın ərini də Artsrun saxlayırmış. Gördü ki, rəis əlini bunların üstündən çəkir, o da getdi yeni sahillər arxasınca.
Bu gün erməni xalqı daha rahat, daha gözəl həyat ardınca dayanmadan Ermənistanı tərk edir. Nə qədər küt və kor olsalar da, qarın adamı yaxşı başa salır. Yeməyə bir şey tapmayanda, “böyük erməni sevdası” da suya düşür. Daha doğrusu söküb apardıqları unitaza.
Həm də artıq anlayırlar ki, kimdir Qafqazın rəisi. Kimdir bütün geosiyasi məsələləri həll edən.
Bu gün daha bir erməni şoumeni, təlxəyi işdən çıxarıldı. Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib. Qarabağa gizli gələn, təmas xəttində hoqqa verənin başına qapaz vurub yola saldılar.
Çünki Qafqazın rəisinin vuracağı qapazdan qorxurlar. Həm də Azərbaycan əsgərinin beyni çönəndə baxmır dalında kim durub. Şuşan-Puşan, ya Paşinyan. Götürüb kəllə-mayallaq atacaq aşağı.
Bircə bu katibələrdən də canımız qurtarsaydı işimizi bilərdik.