“Kanadalı müğənni və prodüser Abel Makkonen 2010-cu illərin sonlarında youtube-da gizli şəkildə həftə sonu istirahət – weekend haqqında bir neçə mahnı yükləyəndə nəinki özünün “Uiknd” (the weekend) kimi, həm də bu sözün dünyaca məşhurlaşacağı ağlına belə gəlməzdi”
Bu fikirlər “Kaspi” qəzetində Təranə Məhərrəmovanın “İşlə hobbi arasındakı harmoniya – İncə baxış” yazısında dərc edilib.
Müğənninin həmin mahnılardan ibarət albomu satışda rekord qıranda isə insanlar o musiqilərin sədası altında həyat ritmlərini qurmağa başladılar. Onun iki dəfə “Qremmi” qazanması, “Oskar”a namizəd olması, “Forbes”in dünyanın ən varlı müğənnilərinin reytinq cədvəlində yer alması heç də təsadüfi deyildi. Lirik tenor qərbdən-şərqə, cənubdan-şimala insanlara uik-endi necə keçirməyin vacibliyini anlatmışdı. Həftə sonlarını maraqlı keçirməyi həyat tərzinə çevirmişdi. İnsanlara gərgin işlə hobbi arasında harmoniya yaratmağı öyrətmişdi. Mahnılar insanları həyata bağlamışdı, yaşamağı anlatmışdı.
Sonradan “Həftəend” mövzusunda çoxlu filmlər çəkildi. Dərgilər nəşr olundu. Moda həftələri keçirildi.
Karyeranın gizli silahı
O vaxtdan bəri “həftə sonları”nı səmərəli keçirməyi uğurlu karyeranın gizli silahı adlandıranlar var. Uik-endi bütün müvəffəqiyyətli insanların xəyallarını qurmaq üçün lazımlı fürsət hesab edənlər də çoxdur. “Uğur qazanan adamlar istirahət etməyi bilirlər və buna görə də, çox iş görməyi bacarırlar”- deyə “Forbes” insanları puldan çox istirahət haqqında düşünməyə səslədi. Məşhur iş dərgisi ən uğurlu adamların həftə sonları internet, telefon və digər ünsiyyət vasitələrini unutduğunu, daha çox insanlarla ünsiyyətə üstünlük verdiyini vurğuladı.
Hayd parkda həftə sonu
Bir neçə il əvvəl Londonda evində qaldığım 56 yaşlı qaradərili qadının “boyfrendi” ilə şəhər kənarına istirahətə hazırlaşanda “Həftəendi necə keçirəcəksən?” sualına məndən maraqla cavab gözləməsi heç yadımdan çıxmır. Muzeylərə baş çəkəcəyimi deyəndə “Bəlkə, Hayd parkda dincələsən” məsləhətindən vaz keçmədim. Həftə sonunu dünyanın bu məşhur parkında keçirdim. İki gün boyunca Serpentayn gölünə tamaşa etdim, eyniadlı qalereyanı gəzdim. Hersoq Vellinqton muzeyinə baş çəkdim. Krallıq parkının Kensinqton bağlarıyla sərhədinə qədər gedib çıxdım. Rəngbərəng güllərdən, ətirli ağaclardan, nadir quşlardan intəhasız zövq aldım. Bu, ağlıma gətirməyəcəyim və heç zaman unutmayacağım “uik-end” idi.
Adını hələ də xatırladığım Jenni adlı ev sahibi iki gün sonra qayıdanda onun timsalında insanların istirahətlərini sadə yolla, az büdcə ilə necə qurmaqlarının sirrini öyrəndim. “Həftə sonu- weekend- uik-end” sözləri də o vaxtdan beynimə taxılıb qaldı. Bu sözü o qədər sevdim ki, səyahət fotolarımın sosial şəbəkələrdəki paylaşımlarımın “həştəq”i oldu.
Hər cibə uyğun
Son illər “həftə sonu”nun bizim ölkəmizdə də xeyli məşhurlaşdığını müşahidə edirəm. Şəhərkənarı otellərə dincəlməyə gələn insanları görüncə bu düşüncənin get-gedə genişlənməsinə xeyli sevinirəm. “Bizim otellərdə qiymətlər bahadır” deyənlərin fikirləri ilə də razıyam. Amma kənd turizmi də var. Şəhərin hay-küyündən uzaqlaşıb ucqar bir kənddə sadə bir mənzil də kirayələmək olar, bir ağacın altında palaz sərib dincəlmək də. Bir bağda və ya parkda xudmani yer tapıb kitab oxumaq da, musiqi dinləmək də, yürüş etmək də. Yaxın dostla kiçik bir kafenin pəncərəsi ağzında yer edib dərdləşmək də. Yetər ki, gərgin həftə sonundan sonra beynini yükdən təmizləməyin, stressdən uzaqlaşmağın yolunun istirahətdə olduğuna inanasan. Onda xatirə kimi çəkdirdiyin fotonun altına və ya sadəcə qəlbinə “weekend” yazmaqdan zövq alarsan…