Noyabr – Zəfər Gününün üçüncü ildönümü və 9 Noyabr – Bayraq Günü ilə əlaqədar “Veteran Tankçılar” İctimai Birliyinin fəal üzvləri və qazilərin iştirakı ilə tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını, sonra İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsini dərin ehtiramla anıblar, məzarları üzərinə tər güllər düzüblər.
Bayram tədbiri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önündə davam edib, Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq, fədakarlıq nümunələrindən danışıblar. Canlarını Vətən torpaqlarının bütövlüyü naminə qurban verən şəhidlərin xatirəsinin və adlarının daim Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıblar.
Bildiriblər ki, Azərbaycan xalqının 30 ilə yaxın torpaq, yurd həsrətinə son qoyan şəhidlər heç zaman unudulmayacaq. 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazılıb. Bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli Azərbaycan Bayrağı böyük əzəmətlə, qürurla dalğalanır.
Sonda veteran tankçılar Hərbi Qənimətlər Parkında nümayiş olunan və düşməndən qənimət olaraq götürülən zirehli texnikalara baxıb, döyüşçü yoldaşları, silah dostları Milli Qəhrəman Albert Aqarunovun vurduğu və bu gün muzey eksponatı kimi göstərilən erməni tankı önündə xatirə şəkli çəkdiriblər.