Tarixin müxtəlif dönəmlərində məkrli qüvvələr tərəfindən Azərbaycanın işıqlı insanlarına qarşı repressiyalar baş verib. Çox düşünülmüş planların tərkib hissəsi olan belə mənəvi terror aktlarının strateji məqsədləri bəllidir. O da məlumdur ki, həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi qeyri azərbaycanlılar idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
Biz QHT və media təmsilçisi olaraq həmin prosesləri araşdırmağa çalışdıq. Bu tədqiqatlar Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində ərsəyə gəldi. Araşdırmalar zamanı 50-dən artıq Azərbaycan zıyalısının repressiya tarixinə, onların əzablı həyat hekayələrinə işıq salmağa cəhd göstərdik.
Onu xatırlatmaq istərdik ki, bu tədqiqatları həyata keçirmək Azərbaycanın strateji maraqları baxımından əhəmiyyətlidir. Bu elmi araşdırmalar müxtəlif arxivlərdən istifadə etməklə, çox məlumatlı və şəxsi arxiv toplayan insanlara və digər mənbələrə müraciət etməklə davam etdi. Repressiya ilə bağlı hər hansı məlumat çox aydın mənbələrə istinad etməklə əldə olunurdu.
Araşdırmalar zamanı dəqiq və reallığa cavab verən mexanizmlərin ortalığa çıxmasına nail olduq.
Bizim bu sahədə təcrübəmiz çox uğurlu nəticələrin qazanılmasına gətirib çıxartdı. Təqdim etdiyimiz hesabatda bu məqam bir daha təsdiqini tapır.
XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatlar zamanı bir çox tarixi şəxsiyyətlərimizlə, ziyalılarımızla bağlı ictimaiyyətə məlum olmayan faktlar ortalığa çıxardıq.
Bir vacib məqamı qeyd etmək istərdik ki, XX əsrdə Azərbaycanın bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı, həyatı öyrənilib. Ancaq onların ermənilər tərəfdən təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar çox zəifdir. Biz QHT və media təmsilçisi olaraq bu missiyanı yerinə yetirməyə çalışdıq.
Tədqiqatlar zamanı Azərbaycanın həm tanınmış, həm də ictimaiyyətə o qədər bəlli olmayan zəngin intellekt sahibləri haqqında, onların repressiyaya uğradılması ilə bağlı xeyli məlumatlar əldə etdik. Tədqiqatlar nəticəsində toplanmış yazıların toplusu Hesabat şəklində QHT Agentliyinə təqdim olunub.
Araşdırmalar zamanı böyük insan, “Qırmızı terror” kitabının müəllifi , özü də terrorun qurabanı olan akademik Ziya Bunyadovu, repressiya tarixi ilə bağlı bir sıra kitabların müəllifi, mərhum professor Cəlal Qasımovu ehtiramla andıq. Bu sahədə hazırda yazılar yazan bir sıra şəxslərə, xüsusilə, həyatını arxiv sənətinə və araşdırmalara həsr edən Aslan Kənana dərin təşəkkürümü çatdırıram.
Onu da qeyd etmək istərdik ki, bu tədqiqatların əsasında növbəti ildə “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” kitabını çap etdirməyi planlaşdırırıq. Hazırda tədqiqatlar toplusunun üzərində işlərimizi davam etdiririk. Həmin şəxslərlə bağlı toplanan məlumatlar əsasında çap olunacaq kitab yəqin faydalı olar.