“Beynəlxalq Qızıl Xaç Komitəsi erməni vəhşiliyinə beynəlxalq hüquqa uyğun qiymət verməyib”

AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Olaylar”-a Beynəlxalq Qızıl Xaç Komitəsinin yararsızlığı və ermənilərin tarix boyu insanlığa sığmayan qətliamları haqqında danışıb:

 – Bir neçə  gün öncə xarici saytların bir çoxunda 1995-ci ildə boşnaklara qarşı edilən soyqırım haqqında yazılar gördüm. Ancaq, bizlər dəfələrlə erməni qətliamlarına məruz qalsaq da bu miqyasda  münasibət görə bilmirik. Buna səbəb olan amillər hansılardır?

-Ümumiyyətlə, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilərin əsrin əvvəllərindən Qarabağ müharibəsi zamanına kimi mülki və hərbi əsirlərlə rəftarı Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğunu əyani və hüquq cəhətdən sübut edir.
Əsirlərlə rəftar tarixdən bugünə kimi istər həbiçilərə, istərsə də mülki əhaliyə qarşı ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdəndir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridib. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. İstər yerli, istərsə də xarici ölkələrdə olan  faktlar, araşdırmalar, sənədlərdə, beynəlxalq və regional təşkilatların çoxsaylı hesabatlarında göstərilir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş – onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi bunlardır:
* Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi şikəst olmuşdur.
* Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur, nəticədə Arzu Hacıyev şikəst olub və 2003-cü ildə dünyasını dəyişib.
* Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln. rus publuna ailəsinə satmışlar.
* Dadaşova Zəminə Göyüş qızı ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir.   Girov götürülən zaman  ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
* Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
* Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şirinova Şərqiyyə Rza qızının 8 qızıl dişi mismar kəlbətinlə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
* Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb, Xankəndi hərbi hissəsində saxlanılmışdılar. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
* Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb və sonradan yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidini gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada olan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
* 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Abbasov Əli Rəsul oğlunu erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
* Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Ağayev Mürvət Fətiş oğlunu döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
* Hərbi əsirlər – Daşdəmirov Novruz Məhəmməd oğlu və Qarayev Namiq Cavanşir oğlunu mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
* Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
* Yaralı vəziyyətdə əsir götürülmüş Məmmədov Əbdüləzim Məcnun oğlunu rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
* Məmmədov Mayıl Məhəmmədəli oğlunun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğa vurulmuşdur.
* Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Hüseynov Cavid Ağa oğlunun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
* Yeddi aylıq Babək İlyasovun anası Afət Mirzəyeva və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələnmişlər. Qəlpələrdən Babəkin sağ gözü yaralanmışdır, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.
Bütün bunlar bir daha ermənilərin nə qədər vandal, qəddar, terrorist olduğu bir daha özünü göstərir. Təbii ki, Ermənistan və onu dəstləyən qüvvələrin siyasətinə baxmayaraq, Azərbaycan xalqı və şanlı Ordumuz bütün şəhidlərimizin qanını alacaq. Bu gün bu missiyanı Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli şanlı ordumuz qısasını alır və almaqda da davam edəcəkdir.
1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 30 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı toplanmış materialların təhlili deməyə əsas verir ki, Ermənistan Respublikası “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun əlavə protokollarını, Haaqa Konvensiyası və onun protokolarının tələblərini kobud surətdə pozaraq Azərbaycan vətəndaşlarına qarşı məqsədli surətdə təcavüzakar və soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə əsirlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulması, yaşayış məntəqələrinin, tarixi abidələrin, qədim qəbiristanlıqların dağıdılması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.
1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı Ermənistan hərbçiləri Qaradağlı kəndindən girov götürülmüş 118 nəfər dinc sakinini Xankəndinə apararkən onlardan 33 nəfərini yolda güllələmişlər. Qətlə yetirilənlər arasında 10-12 yaşına qədər uşaqlar və qadınlar da olub.
Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda girov götürülmüş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun “Tunel” adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla bir yerdə yandırılmışdır. Bu günahsız soyqırım qurbanlarının böyük hissəsi qadınlar və uşaqlar idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 PDM (piyadaların döyüş maşını), 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. “Xocalının işğalına dair istintaq materiallarından” məlum olur ki, Xocalının işğalı zamanı Ermənistan və Rusiya hərbçilərinin qətlə yetirdiyi 613 Xocalı sakininin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə müxtəlif yaş hədlərində olan qadınlar təşkil etmişdir. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Hazırda (01.10.2016-cı il tarixə olan məlumat) 186 nəfər (onların arasında 31 uşaq (11 qız), 59 qadın, 33 qoca (20 qadın) var) Xocalı sakini itkin düşmüş şəxs kimi axtarışdadır. İtkin düşmüş həmin 186 nəfərdən 95 nəfərinin ermənilər tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri əldə mövcuddur. 95 nəfərin arasında 12 uşaq (2 qız), 23 qadın, 11 (7 qadın) qoca var. Aparılmış əməliyyat – istintaq araşdırması zamanı sübut olunmuşdur ki, şəhərə hücumda 366-cı alayın milliyətcə erməni zabiti, mayor Oqanyan Seyran Muşeqoviçin (sabiq Ermənistanın Müdafiə naziri) komandanlığı altında olmuş 2-ci taboru, Yevgeni Nabokixinin komandası altında 3-cü taboru, 1-ci taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa, girovluqdan qaçmağa müvəffəq olmuş sakinlərin ifadələrinə, eləcə də digər dəlil sübutlara əsasən, ermənilər ələ keçirdikləri dinc sakinlərə ağlasığmaz işgəncələr verir, onlara qarşı qeyri-insani davranış nümayiş etdirirmişlər.

– Deyə bilərikmi zamanında Beynəlxalq Qızıl Xaç Komitəsi ciddi tədbir görsəydi bu gün əsir və itkin düşən soydaşlarımız ailələrinə qovuşmuş ola bilərdi?
– Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının qətnamələri, 13 maddədən ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları və Əraziləri Haqqında Saziş Layihəsi (I Əlavə), 8 maddədən ibarət Kollektiv Yardıma aid Qaydalar layihəsi (II Əlavə), 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyaları və onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası (I Əlavə. Yaralı və Xəstə hərbi əsirlərin birbaşa Vətənə qaytarılması və neytral ölkələrdə yerləşdirilməsi haqqında nümunəvi Saziş (110-cu maddəyə bax), II Əlavə. Qarışıq tibbi komissiyalar haqqında Əsasnamə (112-ci maddə bax), III Əlavə. Kollektiv yardıma aid qaydalar (.73-cü maddəyə bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiya və əlavə protokolar, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və. s-lər sənədlər qəbul edilib ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarix abidələrimizə, məscidlərimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş qərar, protokolların tələblərinə ermənilər və onları hərtərəfli dəstəkləyən qüvvələr zidd hərəkətlər ediblər. Onların bu beynəlxalq hüquqa və insanlığa qarşı siyasətinin  Şanlı ordumuzun azad etdiyi ərazilərə baxarkən bir daha şahidi oluruq. Çox təəssüf ki, bir sıra dövlətlər, beynəlxalq və regional təşkilatlar kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi də istər I Qarabağ müharibəsində, istərsə də Vətən Müharibəsində azərbaycanlı mülki əhali və əsirlərə, eləcə də hərbi əsrilərə, mili-mənəvi dəyərlərimizə, tarix abidələrimizə, məscidlərimizə, ekologiyaya qarşı “Beynəlxalq Humanitar Hüquqda Neytrallıq” qeyd olunan prinsipə əməl etməyiblər. Bütün bunlar göstərir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi nəinki ciddi tədbir görməmiş, hətta ikili standart kimi yanaşmış, hadisələrə obyektiv, real, beynəlxalq hüquqa uyğun və BQXK-nin nizamnaməsinə uyğun rəftar etməmişdir. Təbii ki, əgər qeyd olunanlara BQXK əməl etsəydi həm əsirlərimiz və itkinlərimizin taleyi, sağ qalmaları, ağır işgəncələrlə qətl olmaları, başlarına  gətirilən dəhşətli faciələr də haqda məlumatlar həm yerli, həm də beynəlxalq ictimaiyyətə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tam, geniş və əhatəli şəkildə çatdırlardı.

Əfsanə Kamal