Süni intellekt antibiotikə davamlı və öldürücü bakteriyaya qarşı çarə tapdı

ABŞ və Kanada alimləri süni intellektdən istifadə edərək ölümcül və dərmana davamlı bakteriyalar (super bakteriyalar) üçün yeni antibiotik kəşf etdiklərini açıqlayıblar.

Dunyaxeber.orgxəbər verir ki, Kanadada yerləşən McMaster Universiteti və ABŞ-da yerləşən Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada ən təhlükəli, antibiotiklərə davamlı bakteriyalardan biri olaraq təyin etdiyi Acinetobacter baumannii-yə qarşı antibiotik kəşf etdiklərini açıqlayıblar.

Adətən xəstəxanalarda rast gəlinən və səthlərdə uzun müddət yaşayan bakteriyaların sətəlcəm, meningit və yaraları yoluxduraraq ölümə səbəb olduğunu ifadə edən elm adamları, süni intellektin vaxt aparan araşdırma proseslərini böyük ölçüdə qısaltdığını ifadə ediblər.

Acinetobacter baumannii bakteriyası antibiotiklərə davamlı genlər də daxil olmaqla ətraf mühitdəki digər bakteriya növlərindən DNT toplayaraq davamlı olur. Lakin elm adamları antibakterial molekulların yeni struktur siniflərini proqnozlaşdırmaq üçün süni intellekt alqoritmindən istifadə etdilər və Abaucin adlandırdıqları yeni bir antibakterial birləşmə kəşf etdilər.

Tədqiqatçılar bildiriblər ki, Abaucin xüsusilə ümidvericidir, çünki o, yalnız A. baumannii-ni hədəf alır və daha dəqiq və effektiv müalicə üsulları təklif edir, bu da bakteriyaların sürətlə dərmana davamlılıq inkişaf etdirməsi ehtimalını azaldır.

Eltac/Turkustan.az