Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik.
Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu öndər Heydər Əliyev demişdir:
“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Konseptual səciyyə daşıyan bu müdrik fikir biz müəllim və təlimatçı məşqçilər üçün pedaqoji prosesdə vətənpərvərlik tərbiyəsinin aşılanması metodologiyasıdır. Demək vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə əməli ilə şəxsi nümunə göstərməlidir.
1990-ci ildən Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) sədri olaraq (o vaxt Koroğlu cəmiyyəti adlanırdı) yeniyetmə və gənclərin çağırışaqədərki fiziki, psixoloji, ideoloji hazırlığı ilə məşğul oluram. Hərbi xidmətimi Sovet İttifaqıı dövründə hərbi hissələrin birində keçmişəm. Hal-hazırda ehtiyatda olan kapitan rütbəli zabitəm. Bütün bunlarla yanaşı, QHT sədri olaraq peşəmi sevirəm. GVİB Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr çərçivəsində Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində X-XI sinif şagirdlərinin və tələbələrin vətənpərvərlik tərbiyəsinin inkişafında bilik və bacarıqlarımı, təcrübəmi aşılamaqdan zövq alıram. Təsadüfi deyil ki, GVİB –nin üzvlərin bir çoxları yüksək rütbəli zabitlərdir. Mən onların xoş soraqlarından fərəh duyuram. Birlik tərəfindən keçirilən təlim və tədbirlərdə onların qazanmış olduqları nailiyyətlərdən örnək kimi söhbət açıram.Vətənpərvərlik tərbiyəsi bəşər tarixi yarandığı vaxtdan aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, texnika və texnologiyanın inkişafının sürətləndiyi şəraitdə vətənin təhlükəsizliyini təmin etmək, onu qorumaq son dərəcə vacib amildir. Məktəbəqədər yaşlı uşaqlardan başlayaraq vətənpərvərlik tərbiyəsi ruhunda müəllim və tərbiyəçi həmişə işini qurmağa müvəffəq olmalıdır. Vətənpərvərlik təkcə vətən üçün canından keçmək deyil. Bu barədə əsərlərin birində deyilmişdir: “Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən? Əsgər cavabında “Mən vətən üçün canımdan keçməyə hazıram” deyir. Komandir isə “Əsgər, vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən, vətəni kim qoruyar” deyir”. Vətənpərvərlik geniş anlayış olduğundan onu konkret ifadə etmək çətindir. Sokrat vətənpərvərliyi hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməkdə görürdü. Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir. Gənc Vətənpərvərlər İctimai Birliyin sədri və Şərq əlbəyaxa döyüş növləri üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman işçisi olaraq fəaliyyətimdə uşaq yeniyetmə və gənclərə vətənpərvərlik hissini aşılamağa çalışıram. “Qartal balası”, “Üfüqdə parıltı”, “Şahin” hərbi oyunları təlim vasitəsi olaraq şagirdlərdə mənəvi keyfiyyətlərin aşılanmasında mühüm əhəmiyyət kəsb edir.Ulu öndər Heydər Əliyevin mili vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulur. O çıxışlarının birində qeyd edirdi: “O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”. Gənclərin çağırışaqədərki hazırlığı ümumtəhsil fənləri ilə əlaqəli tədbirinin nəzəri və praktik tədrisi şagirdlərin zəruri biliklərin mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin “Faktiki və atəş hazırlığı”, “Sıra təlimi”, “Hərbi topoqrafiya” ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsinin inkişafı ilə şərtlənir. Azərbaycan Demokratik Respublikasının hərb tarixinə parlaq səhifələr yazmış S. Mehmandarovun, Ə. Şıxlinskinin, İ. Vəkilovun, İ. Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail oluram. Azərbaycan ədibi A. Bakıxanovun fikrincə, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqədə insan şəxsiyyətinin formalaşmasına təsir edir. QHT sədri olaraq fəaliyyətimdə dərsdən kənar yeniyetmə və gəncləri dərs dediyim idman zalında (oğlan və qızlar) vətənpərvərlik , mənəvi fiziki və psixoloji ruhda tərbiyə olunmasında inteqrasiyanın imkanlarından səmərəli istifadə edirəm. Belə olduqda gənclər milli və bəşəri dəyərlər əsasında vətənpərvərlik tərbiyəsinin mahiyyətini daha aydın dərk etmiş olurlar. Bu gün Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, öz ata-babasının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ümumiyətlə düşünürəm ki, fənnindən aslı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duğusunu öyrətməyi bacarmalıdır. Vətənpərvəlik bir fərdin duyduğu sevgi ilə bağlılığıdır .Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib. Millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də,vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. XIX əsrdə vətənpərvəlik millətçiliklə birgə bir anlayış olaraq qəbul edilməyə başlamışdır. Vətənpərvərlik ən məşhur mənasıyla Vətənini sevmək, Vətən üçün hər fədakarlıq etmək hissləridir.
Bu gün Azərbaycanda vətənpərvərlik torpağa, Vətənə bağlılığı ifadə edir. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə Gənc Vətənpərvərlər İctimai Birliyin çox saylı üzvlər üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Yaşasın Ali Baş Komandan,
Yaşasın Azərbaycan Ordusu
Müqamət Əliyev
Gənc Vətənpərvərlər Birliyinin sədri, Şərq Əlbəyaxa döyüş növləri üzrə Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işçisi