Azərbaycanın dilbər guşəsi Qarabağ. Özündə xalqın mədəni və mənəvi həyatını cəmləşdirən, təbii gözəllikləri, memarlığı, incəsənəti, ədəbiyyatı, böyük tarixi ilə seçilən Vətənimizin əsrarəngiz, doğma diyarı. O diyar ki, xalqa böyük şəxsiyyətlər, böyük sənətkarlar bəxş edib.
Şuşa – sıldırım qayalar üzərində bərq vuran sehrli şəhər. Şüşə kimi par-par yanan şəhər. Qarabağın gözü. Zəngin musiqi həyatı, mədəniyyəti, ədəbiyyatı, yetirdiyi çoxsaylı xanəndələr, sazəndələr sayəsində Qafqazın Konservatoriyası adlanan, böyük sənət yollarının başlandığı sehrli diyar. Azərbaycan musiqisinin məbədi Şuşa. Muğam ocağımız, Memarlıq salnaməmiz, 270 yaşlı uca şəhərimiz… Dahi Üzeyirin, Cabbarın, Bülbülün, Natəvanın, Xan əminin göz açdığı, böyüyüb boya-başa çatdığı sənət beşiyi.
Şuşa həm təbiətən, həm də tarixən zəngin şəhər olub. Bəlkə də, bir şəhərdən daha artıqdır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan güşəsidir. Şuşanı yaradanlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi abidədir”. Bəli, Şuşa tarixi abidədir. Hətta tarixin özüdür Şuşa. İllər boyu əsirliklər yaşayıb, tarixin ağır sınaqlarına dözüb, dayanıb. Sinəsini zülmətlərə gərib, dayanıb, dayandıqca Hamısıaha pənah aparıb.
O görünən ev bizimdir,
Sökülü, uçuq olsa da,
Qapısız, pəncərəsiz,
Lap yarımçıq olsa da,
O ev bizim evimizdir…
Atam tikmişdi o evi,
Xatirəsi dünya boyda,
Səhərəcən nənəm tikən
Çiçəkli qırmızı donda,
Oynayırdım
Qışda, payızda, yayda…
Alçaq hasarlı olardı,
Yolları qabarlı olardı,
Bol nübarlı olardı
Bizim bağçamız.
Hər cığırında izlərim,
Hər küçəsində əzizlərim,
Dolub-daşardı nəşəmiz,
Bizim məhəlləmiz…
Səhər azan ucalardı…
Bizdən sonrakı məhəllədə
Dədə Cabbar qocalardı,
O küçənin ayağında
Xan əminin evi idi,
Sonra sağdakı məhəllədə
Ustad Qurban Pirimovdu.
Üzeyir bəy musiqisi,
Natavanın zərif sözü,
Bülbülcanın elə özü
Bizim məhəlləmizdə idi…
Şüşə idi şəhərim,
Par-par alışıb yanırdı,
Şuşa idi şəhərim –
Başın duman alırdı…
Göz-gözü görməz idi,
Amma elə təmiz idi,
Elə bil nağıl idi
Məhəlləmiz…
Qonşuları mehriban,
Can yandıran, dada çatan,
Bayramlarda ocaq quran
Şən-şaqraqdı məhəlləmiz,
Elə gözəldi küçəmiz…
Daşları xınalı olardı,
Suları sonalı olardı,
Qonaqlı-qaralı olardı
Şəhərimiz…
Əvvəl uzaqda olurdu,
İndi yaxına gəlib…
Nə olsun ki,dağılıb,
Nə olsun ki, köhnəlib,
Lap qapısı olmasın,
Atam yenə qapı tikər…
Bircə o ev dağılmasın,
O evdə xatirəm var,
Daşında, divarında
Hamısında xatirəm var…
O görünən bizim evdir,
Sökülü, uçuq olsa da,
Lap yarımçıq olsa da,
Oev bizim evimizdir…
Bu diyarın Azərbaycan xalqına bəxş etdiyi fövqəladə hadisə var. O, Üzeyir bəydir. Azərbaycanın tanınmış musiqi tarixçilərindən biri Q.Qasımov Üzeyir bəyin uşaqlıq həyatından ən maraqlı məqamları bəstəkara həsr etdiyi kitabında belə təsvir edir: “Üzeyir azad bir quş kimi bağçalarda, çəmənliklərdə böyüyürdü. Başında yekə bir kəndçi papağı, oynaq gözlü, zarafatcıl bir uşaq öz həmyaşıdları ilə birgə Qacara qarşı ilk müqavimət göstərən qalanın hər tərəfini dolaşar, Vaqifin gəzdiyi yerləri bir-bir gəzər, Natəvanın evini, bağçasını gözdən keçirər, onların şeirlərini əzbərdən söyləyib, arabir eşitdiyi mahnıları zümzümə edərdi. O, oxuyurdu, qəlbən, daxilən, hiss edərək oxuyurdu.Bu səs o qədər gözəl, şirin idi ki, anası Şirin xalanın belə gözlərində sevinc göz yaşlarının axmasına səbəb olurdu. Üzeyirin bu məlahətli səsi artıq hamının nəzər diqqətini cəlb etməyə başlamışdı. Qarabağda yenicə intişar tapmış fonoqraf Üzeyirin səsini də böyük xanəndələrlə birgə yazmışdı. Şirin xala həmişə deyərdi; Maşallah, lap bülbül kimi cəh-cəh vurur”. Sonralar Üzeyir bəy ifaları haqqında səmimi, sadə etiraflar edərək bildirir ki: “Mən musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. Onlar məni oxudar, öyrədərdilər”.
Bu gün dahi Üzeyir bəyin yazdığı əsərlər Qarabağ torpağında yenidən səslənir. Yenə o torpaqların musiqisi öz yerinə-yurduna, havasına, torpağına hopur. Bu musiqi hər səsləndikcə, yenidən doğulur Üzeyir bəy.Təzələnir Şuşa. Təmizlənir, paklanır müqəddəs torpağımız. Bu musiqidən Xarıbülbül qidalanır, cana gəlir, bu musiqidən İsa bulağı coşur, çağlayır, bu əsərləri duyan Şuşa qalası bir az da güc-qüvvət alır, qürrələnir, sevinir Cıdır düzü, şaxə qalxır Qarabağ atları! Bu torpaqlarda musiqimiz can tapdıqca mədəniyyətimizin sütünları bir az da möhkəmlənir!
Aygün BAYRAMLI